Millət vəkili Vuqar Bayramov əmanətlərin sığortalanması ilə bağlı tətbiq olunacaq yeni mexanizm və ilk dəfə olaraq sahibkarların banklardakı vəsaitlərinin sığortalanması ilə bağlı təkliflərlə çıxış edib.
Eləcə də bax: Hüquqi şəxslərin vəsaitinin sığortalanması - Təklif Olunur
V.Baqramov yazır:
"Birincisi, kompensasiya məbləği 20 min manat müəyyən edilməklə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması təqdirə layiq hal olsa da kompensasiya məbləğinin artırılması məqsədəuyğun olardı. Hazırda bu kateqoriya üzrə banklarda vəsaitlərin həcmi cəmi 110 milyon manat olduğunu və 20 min manata qədər olan hissənin 50 milyon manat təşkil etdiyini nəzərə alsaq burada daha böyük məbləğin müəyyənləşdirilməsi fiskal baxımdan ciddi öhdəlik yaratmayacaq. Həmin fərdi sahibkarların əksəriyyətinin hesablarının da sistem əhəmiyyətli banklarda olduğunu nəzərə alsaq burada risk faktoru nisbətən aşağıdır. O baxımdan komöensasiya məbləğinin 20 min deyil, 50 min manat müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı və bu fiskal baxımdan hər hansı ciddi çətinlik yaratmayacaq.
İkincisi, hüquqi şəxslərin vəsaitlərinin sığortalanması mexanizminin işlənib hazırlanmasına ehtiyac var. Bir tərəfdən, vəsaitlərin nağdlaşdırılması ilə bağlı limitlər var, nağdsız hesablaşmaların genişləndirilməsi baxımdan bu yaxşıdır, amma digər tərəfdən bank müflis olan zaman sahibkarlar öz vəsaitlərini geri ala bilmir. Bu vəsaitlərin məbləğlərinin limitli və mərhələli şəkildə banklar tərəfindən üçüncü (dövlət olmayan) tərəf vasitəsi ilə sığortalanması mexanizminin işlənib hazırlanması və tətbiqini təklif edirəm.
Üçüncüsü, Mərkəzi Bankın məlumatına görə, yeni dəyişikliklər təsdiq olunduqdan sonra 7.5 milyard manatlıq əmanət portfelinin təxminən yarısı sığortalanacaq və qalan hissəsi sığortalanmayacaq. Əmanətlərin sığortalanması ilə bağlı təklif edilən mexanizm məsuliyyətin (fiskal öhdəliyin) daha çox iki tərəf- dövlət və müştərilər arasında bölüşdürülməsini nəzərdə tutur. Praktik olaraq bu istiqamətdə sektorun məsuliyyəti müəyyənləşmir. Qorunan əmanətləri dövlət mənbəsi hesabına qarşılanır, digərləri isə əksər hallarda ödənilmir, yəni müştərinin öhdəliyində qalır. Baxmayaraq ki, depoziti cəlb edib və ondan gəlir əldə tərəf sektordur, yəni banklardır. O baxımdan, sığortalanan məbləğ ilə bağlı rəqəmlərin dəyişdirilməsi mexanizmin təkmilləşdirilməsi anlamına gələ bilməz. Daha məqsədə uyğun olar ki, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, əmanətlərin qaytarılmasında sektorun öhdəlikləri aydın şəkildə müəyyənləşsin və buna nəzarət edilsin. Təklif edilən layihədə stekholder yanaşmasına ehtiyac var. Yenə də dövlət əsas fiskal yükü öz üzərinə götürür və digər əksər steykholderlərin, xüsusən də bank sektorunun aktrlarının fiskal öhdəlikli steykholderlər kimi nəzərə alınmır.
Dördüncüsü, son müflis olan 4 bankda kreditlərin 60 faizindən çoxunun təminatsız olması həmin banklarda qorunmayan əmanətlərin qaytarıla biləcəyi ilə bağlı müəyyən tərəddüdlər formalaşdırıb. Həmin kredit öhdəliklərinin bank müfis olduqdan sonra o öhdəliklərin yerinə yetirilməsi ilə qorunan əmanətlərin qaytarılmasına məsul olan qurum məşğul olur. O baxımdan, təklif ediləcək mexanizm eyni zamanda kredit öhdəliklərinin yaranan zaman nəzarət mexanizmini də nəzərdə tutmalı və potensial ləğv edici qurum o prosesdə dolayı olsada iştirak etməlidir. Belə nəzarət formalaşarsa o zaman hətta qorunmayan əmanətlərin də qaytarılması mümkün ola bilər".