Azərbaycan Mərkəzi Bankı (AMB) «Azsığorta» şirkətinin icbari sığortalarla bağlı lisenziyasına məhdudiyyət tətbiq edib.
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında məlumat verilir.
«Azsığorta» icbari avtomobil sığortası bazarını tərk edir – ŞİRKƏTDƏN AÇIQLAMA
Məlumiata görə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “AZSIĞORTA” ASC-ə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AZSIĞORTA”nın sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.
AMB onu da bildirir ki, Qanunun 105.3-cü və 105.4-cü maddələrinə əsasən, lisenziyanın məhdudlaşdırılması onun həmin sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını və qüvvədə olan sığorta müqavilələrini uzatmağı qadağan edir.
Bununla yanaşı, şirkət əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək yerinə yetirməlidir.