Azərbaycanın aparıcı sığorta şirkətlərindənolan «AZSIĞORTA» ASC avtomobillərin icbari sığortası (avtomobil sahiblərinin məsuliyyətinin icbari sığortası) bazarını tərk edir.
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
«AZSIĞORTA Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlmişdir. Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılmışdır».
Şirkət elan edir ki, indiyədək bağlanan və qüvvədə olan icbari sığorta müqavilələri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcək, yəni hadisə olanda ödənişləri edə biləcək.
Əvəzində «AZSIĞORTA» bundan sonra daha çox aqrar və əmlak sığortası sahələrinə fokuslanacaq.
«Ötən il cəmi 90 kənd təsərrüfatı subyekti AZSIĞORTA vasitəsi ilə sığorta təminatı əldə etdiyi halda, cari ilin ilk 7 ayında bu rəqəm 24 dəfə artaraq 2000-i ötmüşdür. Şübhəsiz, şirkətin bu istiqamətə daha çox resurs cəlb etməsi labüddür»-deyə şirkətin açıqlamasında bildirilir.
«Hazırda şirkət ölkənin aqrar sığorta sistemi ilə, Aqrar Sığorta Fondu və təsisçilərindən biri olduğumuz Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ilə əməkdaşlığı dərinləşdirərək, kənd təsərrüfatı sığortasına fokuslanır. Eyni zamanda bizim üçün ənənəvi olan əmlak və məsuliyyət sığortası üzrə fəaliyyət də inkişaf etdiriləcək», deyə AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev bildirib.
Xatırladaq ki, kapitallaşmaya görə ölkənin aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan «AZSIĞORTA» ASC 2006-cı ildən fəaliyyət göstərir.
2022-ci ilin ilk 7 ayının nəticələrinə görə, «AZSIĞORTA» ASC ölkədəki 20 şirkət arasında sığorta yığımlarının həcminə görə 12-ci, sığorta ödənişlərinin həcminə görə 8-ci yeri tutur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə şirkətin yığımları 9,4%, ödənişləri 3,4% artıb.
İlk 7 ayın nəticələrinə görə, şirkətin zərərlilik göstəricisi (ödəniş yığım nisbəti) 67% təşkil edir ki, bu da ölkədə ən yüksək zərərlilik göstəricilərindən biridir. Xatırladaq ki, ölkə üzrə orta göstərici 41% təşkil edir.