“Meqa Həyat Sığorta” ASC “Grant Thornton" beynəlxalq audit şirkəti tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq audit olunub.
“Meqa Həyat Sığorta” 2022-ci il üzrə uğurlu maliyyə nəticələrini - AÇIQLAYIB
FED.az xəbər verir ki, şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı, həmin tarixdə tamamlanan il üzrə mənfəət/zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları, eləcə də əsas mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatları yoxlanılıb.
“Grant Thornton” şirkətinin audit rəyinə əsasən “Meqa Həyat Sığorta” ASC-nin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks olunmuşdur. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması şirkət üzrə əməliyyatların tam şəffaf və transparant aparıldığını təsdiq etməklə yanaşı, şirkətin müştəriləri, yerli və xarici partnyorları, həmçinin investorlar üçün mühüm əhəmiyyət kəsb edərək, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.