"Maşınımı icazəsiz sürüb qəza törətdilər".
Nə qədər qəribə görünsə də, Azərbaycanda bu kimi hallara rast gəlinir.
Məsələn, bəzən avtomobil təmir olunması və yaxud yuyulması üçün müvəqqəti kiməsə təhvil verilir. Bu zaman maşının sahibinin orada olmamasından istifadə edib, onu sürürlər və ehtiyatsızlıq edib qəza törədirlər. Bu zaman isə dəymiş ziyanın ödənilməsi məsələsi ortaya çıxarır. Sığorta şirkəti bu halda ödəniş etməyə borcludurmu?
Eləcə də bax: Azərbaycanda baş verən hər icbari sığorta qəzasına - 1072 MANAT ÖDƏNİŞ EDİLİR
FED.az xəbər verir ki, sığorta eksperti İlkin İbrahimov deyir ki, bu kimi hallar avtomobilin qaçırılması və yaxud oğurlanması kimi rəsmiləşmə, sığorta ödənişi verilə bilər: "Bu, könüllü avtomobil sığortasına aid hallardır. Əsas odur ki sığorta müqaviləsində belə hallar mütləq qeyd olunsun. Onda belə şəxsə sığorta təzminatı düşür. Bəzən isə vətəndaş hotellərdə nəzarətçiyə maşının açarını verir ki, onu dayanacaqda park etsin. Bu isə nə qaçırılma, nə də oğurlanmadır, avtomobilin etibarnaməsiz idarə edilməsi sayılır. Sığorta şirkəti ödənişdən imtina edə bilər".
Onun sözlərinə görə, qaçırılma və yaxud oğurlanma hallarına görə ödəniş edən sığorta şirkətləri daha sonra hüquq-mühafizə orqanlarının rəyi əsasında hadisəni törətmiş şəxssən subroqaisya qaydasında ödəniş tələb edə bilər.
Ölkənin aparıcı sığorta şirkətlərindən birinin Anderraytinq və təkrarsığorta şöbəsinin müdiri Şəbnəm Bəşirova isə mövzunu belə şərh edib: "Fiziki şəxslər üçün "Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2. bəndinə əsasən, təmir və yaxud xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və yaxud yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması zamanı baş verən hadisələrə təminat verilmir. Bu bənddən də gördüyümüz kimi sığortalı nəqliyyat vasitəsi təmirdə olduğu zaman təmir edən usta tərəfindən idarə olunan zaman baş verən hadisələrə təminat verilir. Park nəzarətçisinin səlahiyyətləndirilmiş sürücü olmadığını nəzərə alaraq o zaman baş verən hadisələrə təminat verilmir.
Hüquqi şəxslər üçün “Avtonəqliyyat vasitələrinin könüllü sığortası qaydaları”nın 26.1 bəndinə əsasən isə, avtonəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi zamanı baş verən hadisələrə təminat verilmir”. (Report)