Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti açıqlanıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Şirkətin ləğvi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli Sərəncamının icrası üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli Qərarı ilə şirkətin sığorta fəaliyyətinə verilmiş lisenziyası ləğv olunmuş və ləğvetmə komissiyası öz fəaliyyətinə başlamışdır. Kreditorlardan cari il aprelin 17-dək tələblərini şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 31 nömrəli ünvanda) bildirmələri xahiş olunur.
Həmin tələblərə aşağıdakı sənədlər əlavə edilir:
- kreditorun yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə)
- kreditorun tələbinə əsas verən sənədlərin surətləri.