"İcbari sığorta növləri üzrə azalmalar müşahidə olunub. Bunun səbəblərindən biri sığorta məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı qanunvericilikdəki dəyişikliklər və müvafiq tarixlərdə yaranan sürüşmələrdir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bəzi icbari sığorta növləri üzrə sığortalanma prosesində fərqli yanaşmaların tətbiqi, xüsusilə dövlət qurumlarının sığortalanması ilə bağlı məsələlər və müqavilələrin bağlanması istiqamətində yaranan çətinliklər də azalmaya təsir edən amillər sırasındadır:
"İstehsalatda bədbəxt hadisələrdən sığorta üzrə müəyyən kateqoriyaların dövlət tərəfindən sığortalanması prosesində də dəyişikliklər baş verib. Bununla belə, növbəti illərdə bu istiqamətlər üzrə vəziyyətin tədricən sabitləşəcəyi gözlənilir.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı layihə üzrə də işlərə başlanılıb. Bu çərçivədə dövlət qurumları ilə əlaqəli məsələlərin yekunlaşdırılması, eləcə də qanunvericilikdən irəli gələn digər konseptual məsələlərin həlli istiqamətində işlər davam etdirilir".
Baş direktor qeyd edib ki, yeni layihənin əsas məqsədi sığorta ödənişlərinin keyfiyyətini artırmaq və sığorta məbləğlərinin daha adekvat müəyyənləşdirilməsini təmin etməkdir:
"Bu zaman əmlakın dəyərinə daha uyğun sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Sığorta haqlarının artırılması nəzərdə tutulmur. Sığorta məbləğlərinin düzgün müəyyənləşdirilməsi adekvat sığorta haqlarının hesablanması baxımından da əhəmiyyətlidir. Yeni layihə çərçivəsində sığorta haqlarının artırılması nəzərdə tutulmur.
Layihənin əsas məqsədi sığorta xidmətlərinin səviyyəsini yüksəltmək və sığorta hadisəsi baş verdikdə əmlakın dəyərinə daha uyğun ödənişlərin təmin edilməsidir".















