Azərbaycandan Rusiyaya avtomobillə səfər edənlərə “Yaşıl Kart” verilişi dayandırılıb.
Avtomobili hansı şirkətdə kasko sığorta etmək daha sərfəlidir? –MƏBLƏĞLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Belə ki, Beynəlxalq Bürolar Şurası bu il iyun ayının 30-da Rusiya Federasiyasını üzvlüyünə xitam verib. Bununla əlaqədar olaraq, digər üzv ölkələrlə yanaşı, Azərbaycandan da Rusiyaya səfər edən nəqliyyat vasitələrinə “Yaşıl Kart” sığorta müqaviləsinin verilməsi dayandırılıb.
İSB-dən qeyd edilib ki, mövcud "Yaşıl Kart" sığorta müqavilələri üzrə sığorta müddəti bitənədək qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşmaya əsasən öhdəliklər yerinə yetirilir və təminat davam edir. Bürodan həmçinin onu da əlavə ediblər ki, Rusiya Federasiyasına gedən nəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətlərini Rusiya qanunvericiliyinə uyğun olaraq sığortalamalıdırlar: "Bu təminat əlaqədar ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməyə səlahiyyəti olan sığorta şirkətləri tərəfindən təqdim edilən sərhəd sığortası şəhadətnamələri ilə təmin edilməkdədir".
Qeyd edək ki, Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 46 ölkə üzvdür. Azərbaycan 2012-ci ildə İcbari Sığorta Bürosu vasitəsilə Yaşıl Kart Sisteminə üzv seçilib. 1 yanvar 2016-cı il tarixindən isə Yaşıl Kart Sisteminin Azərbaycanda tətbiqinə başlanılıb. (Apa)