Azərbaycanda avtomobillərin sayının sürətlə artması, üstəlik yol qəzalarının daha tez-tez baş verməsi nəqliyyat vasitələrinin sığortasına da marağı artırıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul aylarında 27 milyon 178 min manatlıq sığorta haqqı toplanıb, baş vermiş sığorta hadisələri üzrə isə 10 milyon 168 min manatlıq sığorta ödənişi edilib. 2022-ci illə müqayisədə kasko sığorta üzrə yığımlar 4,8 milyon manat və ya 22% artıb. Kasko sığortası üzrə ödənişlər isə ötən illə müqayisədə 647 min manat və ya 7% artıb. Xatırladaq ki, 2022-ci ilin iyulunda 22 milyon 350 min manat yığım olub, 9 milyon 521 min manat ödəniş edilmişdi.
Azərbaycanda avtomobillərin kasko sığortası xidmətini bir neçə şirkət göstərir, amma bunların bir hissəsi klassik kasko deyil və məhdud məbləği əhatə edən sığorta paketi kimi təqdim edilir. Klassik kasko isə avtomobilin tam məbləğinə hesablanan sığorta məhsuludur.
Ayrı-ayrı sığorta şirkətlərinin kasko sığorta şərtləri, eləcə də sığortalanan avtomobillərə və sürücülərə tələbləri fərqlidir. FED.az hazırda bazarda ən populyar şirkətlər üzrə klassik kasko sığorta şərtlərini toplayıb.
"Azərsığorta" şirkəti
Azərbaycanın ənənəvi sığorta sektorundakı yeganə dövlət təmsilçisi olan «Azərsığorta» dövlət şirkətinin «klassik kasko»sundan buraxılış ili 2005-ci ildən yuxarı olan bütün marka avtomobillər istifadə edə bilər.
Sığorta haqqı maşının qiymətinə 2,4% - 4 % aralığında tarif tətbiq olunmaqla hesablanır. Yəni məsələn, 20 min manatlıq avtomobili sığortalamaq üçün 480-800 manat arasında ödəniş tələb olunacaq.
«Azərsığorta»da sürücüyə qarşı tələblər «Xalq Sığorta»dan daha sərtdir –burada sürücünün yaşı 22-dən, sürücülük təcrübəsi isə 2 ildən az ola bilməz.
«Azərsığorta»da azad olma məbləği 250 manat nəzərdə tutulub, sığorta hadisəsi zamanı avtomobili yaşı 22-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edərsə və bu zaman hadisə baş verərsə, şərtsiz azadolma məbləğinin ikiqatı tətbiq edilir. Yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs üçüncü şəxs olarsa, bu halda azadolma məbləği tətbiq edilmir. Əgər sürücü avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirində idarə edərək qəza törədibsə və yaxud cinayət məqsədli istifadə edibsə bu zaman sığorta ödənmir .
"AtaSığorta" şirkəti
«Ata sığorta» şirkətinin təklif etdiyi kasko sığorta məhsulu daha demokratikdir – buraxılış ili 2000-ci ildən yuxarı olan bütün avtomobillər kasko sığortadan faydalana bilərlər. Sığorta tarifi 3.20% təşkil edir. Sığortadan yararlanmaq istəyən şəxslərin yaşı minimum 21, sürücülük təcrübəsi isə 1 il olmalıdır. «Ata sığorta»nın kaskosunda azad olma məbləği 100 manat müəyyən edilib. Bəzi hallarda sığorta ödənişi verilmir - bura avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi zamanı yaranan qəzalar, narkotik və spirtli içkilərdən istifadə zamanı yaranmış qəzalar və avtomobilin sahib olduğu şəxs yox başqası tərəfinfən idarə olunduğu təqdirdə yaranan qəzalar aiddir.
"Meqa Sığorta" şirkəti
Ölkənin sığorta bazarının aktiv oyunçularından olan «Meqa sığorta»da klassik kasko 2005-ci ildən yuxarı olan bütün növ avtomobillərə aiddir. Sığorta tarifi isə 3,20% - 4,3% arasında dəyişir. Yəni 20 min manatlıq avtomobili sığortalamaq üçün 640-860 manat sığorta haqqı ödənilməlidir.
Sığorta tarifi avtomobilin buraxılış ilindən və bazar dəyərindən asılı olaraq dəyişir.
«Meqa sığorta»nın klassik kaskosunda azad olma məbləği minimum 100 manat nəzərdə tutulub, amma avtomobilin qiymətindən və daha yüksək sığorta dəyərindən asılı olaraq bu məbləğ 1000 manatədək dəyişir. Klassik kasko sığortası əldə etmək istəyənlərin minimum 21 yaşı, sürücülük təcrübəsi isə minimum 3 il olmalıdır. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi, etibarnaməsiz idarə etməsi, avtomobilə qəsdən zərər vurması, hadisə yerini əsassız tərk etməsi və s. hallar zamanı şirkət ödənişdən imtina edir və sığortanı ödəmir .
"A-Group" Sığorta
Azərbaycanın sığorta bazarında daha çox keyfiyyətli tibbi sığortası ilə məşhur olan «A-Group» sığorta şirkəti bir qədər əvvəl avtomobillərin icbari sığortasından imtina etsə də, sürücülər üçün maraqlı kasko sığorta məhsulu təklif edir.
Şirkətin «klassik kasko» sığortası istənilən markaya məxsus avtomillərə şamil olunur, bir şərtlə ki, avtomobilin buraxılış ili 2010-cu ildən yuxarı olsun. Bu sığorta növü üzrə şirkətin tətbiq etdiyi sığorta tarifi avtomobilin markasından və bazar dəyərindən asılı olaraq faiz dəhlizi 2-8% və 3-5% göstəriciləri arasında dəyişir.
Azad olma məbləği isə 100-250 manat tətbiq edilir. Klassik kasko sığortası əldə etmək istəyənlərin sürücülük təcrübəsi minimum 3 il, avtomobil sahibinin yaşı isə minimum 21 olmalıdır. Bu kaskonun maraqlı cəhəti ondadır ki, hadisə müştərinin günahından baş verməyibsə, azadolma məbləği tətbiq olunmur.
Bu məhsulun digər üstünlüklərindən biri də paketi əldə edən müştərilərə pulsuz tibbi sığorta paketi və evakuator xidməti ilə təmin edilməsidir.
«Xalq Sığorta» şirkəti
Ölkənin məşhur sığorta şirkətinin təqdim etdiyi «klassik kasko» sığortası buraxılış ili 2006-cı ildən aşağı olmayan avtomobillər üçün şamil olunur, avtomobilin markas ilə bağlı isə hər hansı məhdudiyyət yoxdur.
«Xalq sığorta» şirkəti standard sığorta tarifi təqdim etmir, bu tarif şirkətin sistemi üzərindən hesablanır. Tarifi öyrənmək çox sadədir - şirkətin rəsmi saytına keçid edib, «Kasko kalkulyatoru» vasitəsilə məlumatları təqdim edərək sığorta tarifi ilə tanış olmaq mümkündür. Amma minimum tarif məlumdur – 3,6%, bu o deməkdir ki, məsələn 20 min manatlıq avtomobili kasko sığorta etmək minimum 720 manata başa gələcək.
Kasko sığorta tarifinin hesablanması bir sıra məsələlərdən asılıdır. Sığorta faizinə təsir edən amillərdən ən əsası sürücülük təcrübəsidir – «Xalq sığorta»nın şərtlərinə görə, sürücülük təcrübəsi azaldıqca sığorta tarifi də artır. Sürücülük təcrübəsindən söz düşmüşkən, qeyd edək ki, «Xalq sığorta»da «klassik kasko» sığortasından istifadə etmək üçün minimum 1 il sürücülk təcrübəsi tələb olunur.
Sürücünən yaşı isə minimum 19 olmalıdır. Başqa sözlə, 18 yaşı tamam olan şəxs sürücülük vəsiqəsi alıb, 1 il təcrübə toplayaraq «Xalq sığorta»da sığorta oluna bilər.
Azad olunma məbləği isə 100 manat nəzərdə tutulub ki, bu da klassik kasko üçün yaxşı məbləğdir.
Sığortanın ödənilməsi bütün hallara şamil edilmir . Narkotik və spirtli içkilərin istifadəsi nəticəsində avtomobilə dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilmir . Bundan başqa, qəsdən, bilərəkdən və məsuliyyətsizlik ucbatından baş verən qəzalar zamanı da sığorta şirkəti ödəmə etmir.
"Qala Sığorta" Şirkəti
«Qala sığorta» şirkətinin təqdim etdiyi klassik kasko sığortası üçün bəzi şərtlər var . Bu sığortadan buraxılış ili 2014-cü ildən aşağı olan maşınlar yararlana bilməzlər , başqa sözlə klassik kasko buraxılış ili 2014-cü ildən aşağı olmayan avtomobillərə şamil olunur . Maşının modelinin fərqi yoxdur . Şirkətin tətbiq etdiyi sığorta tarifi 3,5% nəzərdə tutulmuşdur . Yəni sığorta haqqı avtomobilinizin qiymətinin 3.5%-i qədər olacaq. Şirkətdə azad olma məbləği isə 100 manat müəyyənləşdirilmişdir . Bu qiymət 22 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub. Eyni zaman da minimum 1 il sürücülük təcrübəsi olmalıdır. Yaşı 22-dən və sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün ikiqat şərtsiz azadolma tətbiq olunacaq. Nəzərinizə çatdırırıq ki, bütün hallarda sığortadan yaralnmaq mümkün deyil, bəzi istisnalar var . Narkotik və spirtli içkilərdən istifadə nəticəsində baş vermiş hadisələr zamanı sığorta ödənişi edilmir.
"Atəşgah Sığorta" şirkəti
«Atəşgah sığorta» 2005-ci ildən sonra istehsal olunan bütün növ avtomobillərə kasko sığortası təqdim edir. Kasko sığorta tarifi avtomobilin bazar dəyərinin 2,5-3,5% arasında dəyişir. Yənim 20 min manatlıq avtomobili kasko sığorta edərkən 500-700 manat sığorta haqqı tələb olunur.
Bununla yanaşı, sürücünün yaşı, təcrübəsi, avtomobilin mühərrikinin həcmi, markası və s kimi məsələlərə də diqqət edilir. «Atəşgah sığorta»dan kasko sığorta almaq üçün sürücünün yaşı minimum 24, sürücülk təcrübəsi isə 2 il olmalıdır. Azad olma məbləği isə 100 manat nəzərdə tutulub.
«Atəşgah sığorta» ilə kasko sığortası zamanı aşağıdakı hallarda sığorta ödənişi nəzərdə tutulmur: sığorta qaydalarının və sığorta müqaviləsinin pozulması, avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi, avtomobili alkoqol və ya narkotikin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi nəticəsində qəza yarananda, avtomobilin sığorta ərazisindən kənarda istismar olunması, avtomobilin cinayət məqsədilə istifadə edilməsi hallarında.