Azərbaycan Mərkəzi Bankı ölkədə daşınmaz əmlakın icbari sığortası mexanizmini təkmilləşdirilməsini zəruri hesab edir.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
Eləcə də bax: Azərbaycanda əhalinin əmanətləri - YENİ SİSTEMLƏ SIĞORTALANACAQ
“Bu gün daşınmaz əmlakın icbari sığortası sisteminin təkmilləşdirilməsi aktual məsələlərdəndir. Bu, həm təbii və texnogen fəlakətlərdən zərər görən əhalinin vəziyyətini yüngülləşdirməyə, həm də sığorta sektorunda artımı təmin etməyə imkan verərdi. Sistem təkmilləşdirilməlidir, bu məqsədlə daşınmaz əmlakın icbari sığortasının çox inkişaf etdiyi Türkiyə mütəxəssisləri ilə bir sıra məsləhətləşmələr həyata keçirmək niyyətindəyik”, - deyə E.Rüstəmov bildirib.
AMB-nin sədri vurğulayıb ki, eyni zamanda əhalinin maarifləndirilməsini artırmaq və daşınmaz əmlakın icbari sığortası müsbət cəhətlərini əyani surətdə nümayiş etdirmək zəruridir. “Əfsuslar olsun ki, bu gün əhalimiz sığortanın müsbət cəhətləri ilə çox tanış deyil. Bu səbəbdən əhalinin fəal maarifləndirilməsi bizim vəzifəmiz olacaq, həm də bu prosesi məktəbdən başlamaq lazımdır. Bizim zəruri alətlərimiz var, bu istiqamətdə işi fəallaşdıracağıq”, - Rüstəmov əlavə edib.
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış və qeyri-yaşayış sahələrinə, yaşayış evləri, binaları və mənzillərə, habelə dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik naqillərində baş verən qısaqapanma, yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə bağlı olan faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə xidmətlər göstərmək üçün lisenziyaya malikdir