Əmanətlərin Sığortalanması Fondu 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az fondun hesabatına istinadən xəbər verir ki, Fond 2022-ci ili 107,1 milyon manat xalis mənfəətlə başa vurub.
Hesabat dövründə Fondun sığorta premiyaları 64,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 14,5 milyon manat (29,2%) çoxdur.
Eyni zamanda fond banklara ödənilmiş kompensasiyaların geri qaytarılmasından 45,2 milyon manat əldə edib.
Bundan başqa, fond faiz gəlirləri şəklində 3,3 milyon manat əldə edib, faiz xərcləri isə 438,8 min manat olub.
Faiz gəlirləri son bir ildə 1,7 milyon manat (2 dəfə) artıb, xərcləri isə 49,5 min manat (10,1%) azalıb.
2022-ci ildə fondun inzibati əməliyyat xərcləri 342 min manat və ya 6,2% artaraq 5 milyon 896 min manata çatıb.
Məzənnə fərqi üzrə xalis zərər isə 11,5 min manat və ya 23,2% azalaraq 38,2 min manata düşüb.
Daha 3 milyon 477 min manat isə sair gəlirlər kimi daxil olub.
Nəticədə 2022-ci ilin nəticələri üzrə fondun xalis mənfəəti 107 milyon 140 min manat olub.
Bu 2021-ci illə müqayisədə təqribən 3 milyon manat artıqdır – 2022-ci ildə ƏSF-nin xalis mənfəəti 104,5 milyon manat olmuşdu.
Əmanətlərin Sığortalanması Fondu 2022-ci ilin sonunda 566,5 milyon manat aktivlərə malik olub.
Akitvlər son bir ildə 89 milyon 672 min manat və ya 18% artıb.
Fondun öhdəlikləri 37 milyon 467 min manat (11,3%) azalaraq 293 milyon 106 min manata düşüb.
Balans kapitalı isə 273 milyon 293 min manat təşkil edib ki, bu da illik müqayisədə 107 milyon 39 min manat və ya 64,4% çoxdur.
Bu dövrdə Fondun yığılmış zərəri 667 milyon 703 min manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 106 milyon 754 min manat və ya 13,8% azalma deməkdir.