"Ölkəmizdə pandemiyanın, sərt karantin rejiminin və hərbi vəziyyətin hökm sürdüyü bir zamanda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun effektiv fəaliyyəti və uğurlu idarəetmə prinsiplərinin nəticəsində, Fond yarandığı tarixdən və bu günədək fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsində bir ilkə imza atmışdır".
Eləcə də bax: Bağlanmış son 4 bank üzrə kompensasiyaların ödənilməsi - Başa Çatmaq Üzrədir
FED.az xəbər verir ki, bu Fondun yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin toplam 23929 əmanətçisinə Fond tarixində ilk dəfə çox qısa zamanda (6 ay ərzində) 600 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilmişdir.
Belə ki, bu ilin iyun ayının 16-dan dekabr ayının 1-dək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 8606 əmanətçisinə 228 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilmişdir. Həmçinin, iyun ayının 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15323 əmanətçisinə 372 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92%-i) ödənişi həyata keçirilmişdir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu olaraq bildiririk ki, bağlanmış son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaqdır. Hazırda, qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir.