Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 879 əmanətçiyə 597 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
FED.az Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 615 əmanətçisi 234 milyon 035 min 543 manat, “Amrah Bank”ın 5 689 əmanətçisi 138 milyon 033 min 575 manat, “AGBank”ın 4 481 əmanətçisi 105 milyon 358 min 043 manat, “NBC Bank”ın isə 4 094 əmanətçisi 120 milyon 130 min 976 manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.