Bakı Şəhər Halqası (BŞH) Akademiyası hər il Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə təşkil etdiyi karyera yarmarkasına növbəti dəfə bu il 29-30 oktyabr tarixlərində evsahibliyi edəcək.
FED.az xəbər verir ki, BŞH-dan "Report"a verilən məlumata görə, karyera yarmarkasının keçirilməsində əsas məqsəd ölkə gənclərinin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına yaxından dəstək göstərməkdir.
Builki yarmarkada xidmət, neft, qeyri-neft və digər aparıcı sahələrdə fəaliyyət göstərən 30-dan çox şirkət keyfiyyətli kadr axtarışında olacaq. Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif olunacaq.
Karyera yarmarkasında iştirak etmək istəyənlər əvvəlcədən bu keçidə - https://forms.gle/V5UncjzXDATp5y4e7 - daxil olaraq onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətçilər yarmarkaya gələrkən öz şəxsiyyət vəsiqəsi ilə yanaşı CV-lərinin bir neçə nüsxəsini də gətirməlidirlər.
Qeyd edək ki, BŞH Akademiyasının evsahibliyi ilə ötən il ilk dəfə baş tutmuş karyera yarmarkasında Formula 1 yarışlarının çox sayda könüllüsü ölkədə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə işlə təmin olunmuşdu.