Azərbaycanın sığorta bazarının vaxtilə aparıcı iştirakçılarından olan «Azsığorta» 2022-ci ili böyük zərərlə başa vurub. FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il sığorta şirkəti kiçilib, kapitalı isə azalıb.
Sığorta şirkətinin rəhbəri: «İcbari sığortadan imtina etməyimizə peşman deyilik»
«Azsığorta»nın açıqladığı hesabata görə, 2022-ci ildə şirkətin əsas əməliyyat gəliri 11,2 milyon manat olub. Bu 2021-ci illə müqayisədə 1,4 milyon manat və ya 11% azdır.
2022-ci ildə şirkətin gəlirlərinin 10,6 milyon manatı birbaşa toplanan sığorta haqlarının payına düşüb. 2021-ci illə müqayisədə bu göstərici 300 min manat aşağı düşüb.
Ötən il «Azsığorta» investisiya gəlirləri də 13%-ə yaxın azalaraq 2021-ci ildəki 3,1 milyon manatdan 2022-ci ildə 2,7 milyon manata enib.
Digər gəlirləri də nəzərə alanda 2022-ci ilin yekununda «Azsığorta»nın ümumi gəlirləri 14,5 milyon manat olub, bu 2021-ci ildən 2,3 milyon manat və ya 14% azdır.
Gəlirlər azalsa da, şirkətin ümumi xərcləri 1,2 milyon manat artaraq 17 milyon manatı keçib. Bunun 9,4 milyon manatı sığorta ödənişləridir – 2021-ci illə müqayisədə 2,1 milyon manat artıb.
2022-ci ildə «Azsığorta» işlərin aparılması xərclərində qənaətə başlayıb və bu xərcləri 5,8 milyon manatdan 5,2 milyon manata endirib.
Amma bu da şirkəti zərərdən çıxara bilməyib və şirkət 2022-ci ili 2 milyon manat xalis xərərlə başa vurub. Halbuki, 2021-ci ildə «Azsığorta» mənfəətlə işləmişdi – 760 min manat.
2022-ci ildə «Azsığorta» kiçilib – şirkətin aktivləri 4 milyon manata yaxın azalaraq 38 milyon manandan 34 milyon manata enib. Cəmi kapital isə 17,8 milyon manatdan 15,6 milyon manata düşüb.
2022-ci ildə «Azsığorta»nın öhdəlikləri ciddi dəyişməyib - 20 milyon manatdan 19 milyon manata enib.