Azərbaycanda yeni sığorta siniflərinin yaradılması, bu sahədə bazara ortaq məhsulların çıxarılması, eləcə də icbari avtosığorta üzrə müəyyən yeniliklər nəzərdə tutulur.
İcbari sığorta haqqı bahalaşmayacaq - MƏRKƏZİ BANK
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov qurumun təşkil etdiyi "Sığorta sektorunun maliyyə dayanıqlığında rolu" mövzusundakı təlimdə bildirib.
"AMB-nin həyata keçirdiyi islahatlar çərçivəsində könüllü sığorta növləri üzrə vahid qaydalar hazırlanır. Kredit götürənlərin həyatının sığortalanması üzrə məhsul inkişaf etdirilir. Daha sonra icbari sığortanın elektronlaşdırılması məsələsi gəlir ki, ən çox işlər məhz bu istiqamətdə görülür. Bizdə icbari sığorta növləri tam olaraq elektron formada bağlanılır. Əvvəllər kağız şəhadətnamə blankları olurdu, indi isə bunlara ehtiyac qalmayıb və İcbari Sığorta Bürosunun informasiya sistemində bütün məlumatlar saxlanılır. Hər şey sistemə daxil edilib və orada özünün bütün tarixçəsinə baxmaq mümkündür", - deyə o qeyd edib.
AMB rəsmisi həmçinin deyib ki, avtomobillərin icbari sığortalanması üzrə zərərlərin birbaşa tənzimlənməsi qaydası tətbiq olunur: "Əgər iki avtomobilin iştirakı ilə hadisə baş verirsə, müəyyən hallar daxilində - yəni sağlamlığa zərər dəymədikdə, mübahisə olmadıqda və hər iki avtomobilin sığortası olduqda - zərərçəkən tərəf öz sığorta şirkətinə müraciət etməklə zərərinin tənzimlənməsini tələb edə bilir. Sığorta haqlarının hesablanmasında artıq dəyişiklik olunub. Eyni zamanda yeni bir layihə var ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının hesablanmasında artıq risk əsaslı sistemə keçid olunacaq".
Sığorta vasitəçilərinin fəaliyyəti üzrə qanunvericiliyin inkişafı ilə bağlı görülən işlərdən danışan şöbə rəisi agent və brokerlərin inkişafı ilə bağlı layihənin olduğunu diqqətə çatdırıb. (Report)















