Azərbaycanda aqrar sığorta mexanizminin əhatə etdiyi əkin sahələrinin həcmi artır. Aqrar Sığorta Fondunun 2024-cü ilin 1-ci yarım illiyinin nəticələri üzrə açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 384 min hektar əkin sahəsi sığortalanıb.
FED.az xəvər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 58 min hektar və ya 18% artıb.
Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub.
Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri təqribən 2 dəfə, buğda sahələri 1,3 dəfə artıb.
2024-cü ilin yanvar-iyun aylarında 11 milyon 183 min manat aqrar sığorta haqları toplanıb. Bu vəsaitdən 10 milyon 189 min manatı bitkiçilik sığortası üzrə ödənilib və əkin sahələrinə ümumilikdə 418 milyon manat sığorta təminatı verilib.
Ümumilikdə sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 430 milyon milyon manata yaxın olub.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.