2023-cü ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 566 milyon 433,97 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32,8% çoxdur.
Azərbaycanda könüllü sığorta üzrə yığımlar 29%, ödənişlər 47% artıb
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 410 milyon 666,3 min manat (artım 29,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 72,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 251 milyon 889,8 min manat (artım 42,6%), qeyri-həyat sığortası üzrə sığorta haqları 158 milyon 776,48 min manat (artım 12,3%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 155 milyon 767,65 min manat (artım 43,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (239 milyon 257,1 min manat), könüllü tibbi sığorta (78 milyon 222 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (62 milyon 945,8 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 67,2%-ni təmin edib.
Yanvar-may aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 174 milyon 436,19 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 35,2% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 133 milyon 340,3 min manat (artım 47,2%) və ya bazar üzrə bütün ödənişlərin 76,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 93 milyon 926,48 min manat (artım 1,8 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 39 milyon 413,8 min manat (azalma 1%) məbləğində olub.
Yanvar-may aylarında icbari sığorta növləri üzrə ödənişlər 41 milyon 95,86 min manat (artım 6,9%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (39 milyon 101,49 min manat), həyatın yaşam sığortası (93 milyon 329,3 min manat) və könüllü tibbi sığorta (28 milyon 923 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-may aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 92,5%-ni təmin edib.
Yanvar-may aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.
May ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (247,765 milyon manat), “PAŞA Sığorta” (140,479 milyon manat), “Qala Sığorta” (37,325 milyon manat), “Atəşgah Həyat Sığorta” (27,498 milyon manat) və “Atəşgah Sığorta” (13,877 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 82,4%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar-may aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (82,625 milyon manat), “PAŞA Sığorta” (30,94 milyon manat), “Xalq Sığorta” (9,874 milyon manat), “Atəşgah Həyat Sığorta” (10,233 milyon manat) və “Atəşgah Sığorta” (7,292 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 80,8%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-may aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,1% təşkil edib. (İnterfaks-Azərbaycan)