2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 875 milyon 132,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14% çoxdur.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-NOYABR, 2022)
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 657 milyon 638,6 min manat (artım 24,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 75,1%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 385 milyon 845,5 min manat (artım 32,6%), qeyri-həyat sığortası üzrə sığorta haqları 271 milyon 793,1 min manat (artım 14,2%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 217 milyon 493,87 min manat (azalma 9%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (359 milyon 275,3 min manat), könüllü tibbi sığorta (105 milyon 546,56 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (102 milyon 219,89 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 64,8%-ni təmin edib.
Yanvar-noyabr ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 400 milyon 953,3 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,7% azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 313 milyon 746,87 min manat (azalma 1,9%) və ya bazar üzrə bütün ödənişlərin 78,3%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 228 milyon 54,88 min manat (artım 0,8%), qeyri-həyat sığortası üzrə ödənişlər 85 milyon 691,98 min manat (azalma 8,3%) məbləğində olub.
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 87 milyon 206,4 min manat (azalma 20,8%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (82 milyon 292,49 min manat), həyatın yaşam sığortası (225 milyon 664,29 min manat) və könüllü tibbi sığorta (66 milyon 127,6 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-noyabr aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93,3%-ni təmin edib.
Yanvar-noyabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artıb.
Noyabr ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2022-ci ilin 11 ayı ərzində sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (376,003 milyon manat), “PAŞA Sığorta” (194,543 milyon manat), “Atəşgah Həyat Sığorta” (45,98 milyon manat), “Xalq Sığorta” (38,106 milyon manat) və “Qala Sığorta” (36,506 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 79%-i bu şirkətlərin payına düşüb.
Cari ilin 11 ayı ərzində ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (200,807 milyon manat), “PAŞA Sığorta” (63,01 milyon manat), “Xalq Sığorta” (24,283 milyon manat), “Atəşgah Həyat Sığorta” (27,729 milyon manat) və “Azərsığorta” (18,881 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83,5%-i bu 5 şirkətin payına düşüb.
11 ayın yekunları üzrə sığorta sektorunun penetrasiya səviyyəsi 0,7% təşkil edib. (İntefaks-Azərbaycan)