Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış 617,171 milyon manat sığorta haqqının 344,858 milyon manatı və yaxud 55,9%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
ELƏCƏ DƏ BAX: Sığorta bazarında ödənişlərin çoxunu bu şirkət həyata keçirir
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata istinadən xəbər verir ki, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 226,793 milyon manat (36,75%) və 118,065 milyon manat (19,15%) sığorta haqqı toplayıblar.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 46,133 milyon manatlıq (7,5%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 40,58 milyon manatlıq (6,6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 5-ci yerdə isə 31,199 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 462,77 milyon manat təşkil edib ki, bu da bazarın 75%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (221 min manat), "Amrah Sığorta" (509 min manat) və "Bakı Sığorta" (783 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,513 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,2%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin yığımları isə 1-23 milyon manat arasında dəyişir və onların bazar payı 152,888 milyon manat və yaxud 24,8%-dir.