Azərbaycanda İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi 2019-cu ildən etibarən gözlənilir. FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin açıqlamasında bildirilir. Agentlik bildirir ki, sığortanın bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib. Bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait də ayrılıb. Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində “McKinsey & Company” şirkəti seçilib.
Sığorta pulu işıq pulu ilə birlikdə ödəniləcək - MÜSAHİBƏMəqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır.
Agentlik bildirir ki, beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan “McKinsey & Company” şirkəti dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir, son 5 ildə səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Şirkətin əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır.
“McKinsey & Company” şirkəti Agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcəkdir. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.
Strateji yol xəritəsinə əsasən səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək.
Xatırladaq ki, “McKinsey & Company” şirkəti məsləhətçi qismində Azərbaycan hökumətinin əsas partnyorlarından biridir. Ölkə iqtisadiyyatının inkişafı üzrə Strateji yol xəritələrinin hazırlanmasında da bu şirkətin xidmətlərindən istifadə edilib.