Bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda sığorta növləri üzrə ödənişlər 209 milyon 555 min manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bülletenə əsasən ən çox ödənişlər könüllü sığortalar üzrə olub. Bu ilin 4 ayının nəticəsinə görə könüllü sığorta ödənişləri 167 milyon 184 min manat təşkil edib. Ondan 127 milyon 993 min manatı həyat, 39 milyon 191 min manatı qeyri-həyat sığortaın payına düşüb. 42 milyon 371 min manat ödənişlər icbari sığorta növləri üzrə edilib.
Könüllü həyat sığortasında ən yüksək ödənişlər 127 milyon 66 min manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 29 milyon 141 min manat olmaqla şəxsi sığortası üzrə və 28 milyon 936 min manat olmaqla tibbi sığorta üzrə edilib.
İcbari sığorta üzrə ən yüksək ödənişlər 41 milyon 344 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 40 milyon 423 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının payına düşüb.
İlk 4 ayın nəticələrinə görə ən az sığorta ödənişləri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (19 min manat), yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası (3 min manat), ümumi mülki məsuliyyətin könüllü sığortası (22 min manat), kreditlərin sığortası (28 min manat), əmək qabiliyyətinin könüllü sığortası (40 min manat), hava nəqliyyatı vasitələrinin könüllü sığortası (50 min manat), sağalmaz xəstəliklərdən könüllü sığorta (69 min manat), xaricə səfər edən vətəndaşların sığortası (84 min manat) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (84 min manat) üzrə olub.