“Azərbaycan Sənaye Sığorta” ASC-nin 2025-ci ilin sonuna dair investisiya portfeli açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat 2024-cü ilin eyni dövrü ilə müqayisədə şirkətin investisiya həcminin artdığını göstərir. Artım əsasən depozitlər üzrə yatırımlar hesabına təmin olunub.
Belə ki, şirkətin cəmi investisiyaları 2025-ci ilin sonunda 29,4 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 25,3 milyon manatla müqayisədə 4,1 milyon manat və ya 16,2 faiz çoxdur.
İstiqrazlar portfeli üzrə də artım qeydə alınıb. 2025-ci ilin sonunda istiqrazlara yatırımlar 19 milyon 860 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 799min manat və ya 4,2 faiz artım deməkdir.
Qeyd edək ki, istiqraz portfelinin tamamı dövlət istiqrazlarından ibarətdir. Qeyri-dövlət istiqrazlarına yatırımlar isə hesabat dövründə də olmayıb.
Digər investisiya alətləri üzrə göstəricilər əsasən dəyişməz olub. Belə ki, səhmlərə, investisiya fondlarına, törəmə maliyyə alətlərinə və öz istifadəsi üçün olmayan daşınmaz əmlaklara yatırımlar 2025-ci ildə də qeydə alınmayıb.
Əhəmiyyətli artım depozitlər üzrə müşahidə olunub. 2025-ci ilin sonunda depozitlərin həcmi 9,2 milyon manata yüksəlib. Bu, əvvəlki illə müqayisədə 3,25 milyon manat və ya 54,6 faiz artım deməkdir.
“Digər investisiyalar” maddəsi üzrə də müsbət dinamika qeydə alınıb. Bu göstərici 364,7 min manata çatıb və illik müqayisədə 52,1 min manat (16,6 faiz) artıb.
Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta”nın 2024-cü ilin sonuna cəmi investisiyaları 25,3 milyon manat təşkil edirdi.













