Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 70 783,3 min manat sığorta haqqı yığılıb.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı 11% böyüyüb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu müddətdə eyni sığorta növü üzrə 42 221 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,1%, ödənişləri isə 13,3% azalıb.
Hesabat əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 29 264,8 min manat sığorta haqqı yığılıb, 9 636,8 min manat ödəniş edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 13,2%, ödənişlərdə isə 5,3% artım qeydə alınıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 581 509 min manat (illik 11,3%-lik artım), ödənişləri isə 307 762 min manat (illik 52,6%-lik artım) təşkil edib. (Apa)