Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası – icbari avtomobil üzrə yığım və ödənişləri üzrə artım qeydə alınıb.
Avtomobilləri icbari sığorta etməyən şirkətlər - SANKSİYA İLƏ ÜZLƏŞƏCƏK
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 23 milyon 457,9 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 175,4 min manat və ya 64,2% çoxdur. Belə ki, keçən ilin fevral-aylarında bu göstərici 14 milyon 282,5 min manat təşkil edib.
Sığorta ödənişləri isə cari ilin yanvar-fevral aylarında 17 milyon 206,3 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 3 milyon 712,9 min manat və ya 27,5% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 13 milyon 493,4 min manat təşkil edib.
Göstərilən rəqəmlərdən aydın olur ki, yığımların kəskin artımı nəticəsində avtomobil icbari sığortası üzrə zərərlilik də aşağı düşüb. Belə ki, 2023-cü ilin ilk iki ayında zərərlilik göstəricisi 73% təşkil edib. Ötən il isə bu göstərici 94% olmuşdu.
Qeyd edək ki, bu sığorta növü üzrə yığımların kəskin artımı iki səbəblə – 2022-ci ilin oktyabrından etibarən sığorta haqlarını hesablanmasında tətbiq edilən yeniliklər və 2023-cü ilin fevralından etibarən sığorta şirkətlərinin kiçik avtomobillərə qoyulan qadağanı aradan götürülməsi ilə bağlıdır.
Amma qarşıdakı dövrdə sığorta ödənişlərinin və zərərliliyin yenidən artacağı gözlənilir. Çünki sığorta ödənişlərində tətbiq edilən yenilik – yəni müştəriyə zərəri qarşı tərəfin sığortaçısı deyil, öz sığortaçısı ödəyir, sonra həmin vəsaiti qarşı tərəfin şirkətindən alır – ödənişlərdəki ənənəvi qənaət yanaşmasını bir qədər yumşaldıb.
Nəticədə şirkətlər vəsaiti onsuz da qarşı tərəfdən geri alacaqlarını bildiklərindən ödənişlərdə qənaət etməyə deyil, müştərilərinə daha loyal olmağa çalışırlar.