"Təkafül (İslam sığortası) sistemi ənənəvi sığortaya bir alternativ deyil, bu, onu tamamlayan bir əlavə məhsuldur və ən əsası isə bazarın inkişafı üçün yeni imkanlar yaradır".
Azərbaycanda ilk dəfə: İslam sığorta brokeri - FƏALİYYƏTƏ BAŞLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin təqdimat mərasiminə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abbas Miskərli deyib.
"Əslində sığortanın da mahiyyəti hamımıza bəllidir ki, insanlara çətin gündə dəstək olmaqdır. Təkafül də öz mahiyyətinə görə məhz bu ideyaların fərqli bir formada ifadəsidir. İnsanların qarşılıqlı dəstəyi, həmrəyliyi və məsuliyyəti paylaşması üzərində qurulan bir modeldir", - deyə o, bildirib.
İcraçı direktor qeyd edib ki, Azərbaycanda son 5 il ərzində sığorta bazarı 70%-ə qədər artım göstərib:
"Bu isə onu göstərir ki, sığorta artıq ölkənin maliyyə sistemində daha mühüm rol oynamağa başlayıb. Lakin inkişaf yalnız mövcud məhsulların böyüməsində deyil, eyni zamanda bazara yeni yanaşmaların, yeni həllərin və yeni imkanların gətirilməsidir. Bu baxımdan təkafül məhsul modeli Azərbaycan sığorta bazarı üçün yeni və maraqlı bir istiqamətdir. Dünyanın bir çox ölkəsində uğurla tətbiq olunan təkafül sistemi yalnız maliyyə aləti kimi deyil, müəyyən dəyərləri və prinsipləri də əhatə eləyən bir yanaşmadır.
Bu model bazara yeni müştəri qruplarının cəlb olunmasına, maliyyə inklüzivliyinin artırılmasına və ümumilikdə sığorta mədəniyyətinin inkişafına töhfə verə bilən bir istiqamətdir"
















