Azərbaycanda ilk dəfə İslam sığortası (Təkaful) pəncərəsi layihəsi çərçivəsində "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC fəaliyyətə başlayıb.
Azərbaycanda ilk dəfə: AMB islam maliyyəsi üzrə brokerə - LİSENZİYA VERİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdimat mərasimində çıxış edən MMC-nin direktoru Eyvaz Cəfərli bu mərhələni ölkənin sığorta yanaşmasının tətbiqinə atılan mühüm addım olduğunu bildirib və bu layihənin məqsədləri barəsində məlumat verib:
"Bizim məqsədimiz Azərbaycanda İslam sığortasının əsaslarını formalaşdırmaq, regionda nümunə ola biləcək model yaratmaq və ölkəmizi İslam maliyyəsi xəritəsində daha görünən mövqeyə çıxarmaqdır. İnanırıq ki, bu təşəbbüs yalnız sığorta sektoruna deyil, bütövlükdə maliyyə sisteminə, sahibkarlıq mühitinə və iqtisadi inkişaf proseslərinə müsbət töhfə verəcək. Bu layihə yeni əməkdaşlıqların, yeni investisiya imkanlarının və yeni maliyyə həllərinin yaranmasına şərait yaradacaqdır. Bu yolda biz dövlət qurumları, sığorta şirkətləri, maliyyə institutları, sahibkarlar, akademik dairələr və beynəlxalq tərəfdaşlıqlar tərəfdaşlarla sıx əməkdaşlığa hazırıq".
Eyvaz Cəfərli qeyd edib ki, bu ekosistemin ən mühüm hərəkətverici qüvvələrindən biri korporativ müştərilər, xüsusilə banklar və lizinq şirkətləridir:
"Bu istiqamətdə xüsusilə vurğulamaq istəyirəm ki, ölkəmizdə artıq İslam bankçılığı formalaşmaqdadır və bununla bağlı qanunvericilik bazası hazırda hökumətdə müzakirədədir, yaxın vaxtlarda isə qəbul edilməsi gözlənilir. İslam bankçılığı formalaşdıqdan sonra bankların və lizinq şirkətlərinin sığortasız, yəni təkafülsüz fəaliyyətini qeyri-mümkün hesab etmək olar. İslam maliyyəsi ənənəvi bankçılıqdan fərqləndirən əsas cəhət odur ki, orada real aktivlərə əsaslanır və bu aktivlər birbaşa rəhbərliyi üçün onların mütləq sığortalanma ehtiyacı yaranır. Qurulan bu yeni maliyyə ekosistemində sığorta ayrılmaz bir hissəyə çevriləcək və təkafülün tətbiqi bu prosesdə çox böyük faydalar verəcəkdir".
"İslam bankçılığında aktiv sahibləri əsasən banklar və lizinq şirkətləri özləri olduğu üçün təkafül sistemi kommersiya sığortasından fərqli olaraq bankların və lizinq şirkətlərinin əksər hallarda prosesdə həm sığortalı tərəf kimi iştirak etməsinə imkan tanıyacaqdır və bu gələcəkdə həmin şirkətlərə inzibati xərclərin azalmasına kömək göstərəcəkdir.
Ümumiyyətlə, bu sistemə qoşulmaqla hər bir şəxs – nəinki korporativ, həm də fiziki şəxslər – həm sığortalanaraq iqtisadi fayda əldə edir, həm də yardımlaşma prosesinin bir iştirakçısına çevrilərək böyük savab əməl etmiş olur", - deyə o, əlavə edib.
















