Azərbaycanda fermerlərin səbirsizliklə gözlədiyi aqrar sığorta gələn ildən fəaliyyətə başlayacaq. Aqrar Sığortanın tətbiqi vaxtı, işləmə prinsipi, əhatə edəcəyi heyvandarlıq və bitkiçilik məhsulları və əhatə edəcəyi risklərlə bağlı FED.az-ın suallarına Aqrar Sığorta Fondunun formalaşdırılması üzrə işçi qrupun üzvü Fuad Sadıqov cavab verir.
Eləcə də bax: Azərbaycanda aqrar sığortanın işə düşmə - VAXTI MƏLUM OLDU
- Fuad müəllim, ötən həftə işçi qrupun nümayəndələri Türkiyəyə səfər etmişdilər, səfərdə hansı məsələlər müzakirə olundu?
- Türkiyədə əsas məsələ proqram təminatının və əməliyyat mühitinin öyrənilməsi və sistemin fəaliyyətinin təmin olunması üzrə görüləcək əsas işlər müzakirə olundu. Belə ki, səfər zamanı proqram təminatının hazırlanması, onun müvafiq dövlət proqramlarına və sistemlərinə inteqrasiyası, onun hər bir modulunun ayrıca müzakirəsi həyata keçirildi.
- Azərbaycanda aqrar sığorta tariflərinin müəyyən olunması ilə bağlı işlər nə yerdədir?
- Tariflər demək olar ki məlumdur. İlk ildə kənd təsərrüfatı bitkiləri üzrə 14 sığorta predmeti, kənd təsərrüfatı heyvanları üzrə isə yalnız iribuynuzlu heyvanlar sığortalanacaq. Qeyd etmək istərdim ki, kənd təsərrüfatı heyvanlarının qeydiyyat sistemi yarandıqdan, yəni heyvanlar birkalandıqdan sonra bu istiqamətdə iri miqyaslı sığortalanma nəzərdə tutulmuşdur.
- Belə olmasa nə baş verə bilər?
- Qeydiyyat sisteminin olmaması sui-istifadə hallarının yaranmasına səbəb ola bilər. Məsələn, tutaq ki, hər hansı bir şəxsin 20 heyvanı var və onun 5-i sığortalanıb. Heyvanlardan hər hansı biri tələf olarsa və bu şəxs ödəniş tələb edərsə ölən heyvanın sığortalı olub-olmamasını müəyyən etmək mümkün olmayacaq. Ona görə də, bütün heyvanlar birmənalı qaydada birkalanmalıdır ki, sistem dayanıqlı fəaliyyət göstərsin.
Eləcə də bax: Hökumətdən aqrar sığorta barədə – YENİ QƏRAR
- Elə bir sistem olacaq ki, birkasız heyvan aparıb birkalamaq mümkün olsun?
- Bu prosesi Dövlət Qida Təhlükəsizliyi Agentliyi həyata keçirilməlidir və bu sahədə işlər koordinasiya edilir ki, bu sistem formalaşsın və istehlakçılar sığorta xidmətlərinə çıxış imkanı əldə etsinlər. Əks halda bunun geniş tətbiqi çətinliklərlə müşahidə olunacaqdır. Bundan başqa, hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlərin qeydiyyatı üzrə müvəqqəti həllər üzərində işlər gedir.
- Bəs aqrar sığorta ilkin vaxtlarda bitkilərdən hansını sığortalayacaq?
- İlk ildə kənd təsərrüfatı bitkiləri üzrə 14 sığorta predmeti sığortalanacaq. Bu siyahını Nazirlər Kabineti təsdiqləyəcək və biz siyahını dərhal elan edəcəyik. Siyahıya müxtəlif bitkilər və meyvələr daxildir. Onlar dövlət proqramlarında və strateji yol xəritələrində inkişaf etdirilməsi nəzərdə tutulan sahələr, strateji əhəmiyyət kəsb edən, eləcə də ixrac potensialı olan ən vacib məhsullardır. Növbəti illərdə bu siyahı daha da genişlənəcək.
- Sığorta haqları ilə bağlı vəziyyət nə yerdədir?
- Aqrar sığorta sahəsində təcrübənin az olması, məlumat bazasının kifayət qədər olmaması bizə əsas verir ki, tarifləri müəyyən edərkən beynəlxalq təcrübəyə əsaslanaq. Demək olar ki, tariflər bəllidir. Belə ki, bitkiçilik üzrə vahid tarif tətbiq olunmayacaq: Coğrafi ərazi və risklərdən asılı olaraq tariflər dəyişəcək.
- Azərbaycanda tətbiq ediləcək tariflər Türkiyədəki tariflərlə müqayisədə yüksək olacaq?
- Əksinə, hazırda tariflərin daha aşağı olması nəzərdə tutulub. Misal üçün kənd təsərrüfatı heyvanlarının sığortası üzrə illik tarif bizdə 3,2-3,5% nəzərdə tutulsa da, Türkiyədə 9%-dir.
Onu da qeyd etmək istərdim ki, gələcəkdə aqrar sığorta tarifləri iki paketdə təklif oluna bilər: Standart risklərin təminat alındığı paket, geniş miqyaslı risklərin təminat altına alındığı paket (məsələn bütün yoluxucu və digər xəstəliklər, bala artırma təminatları və s.). Birinci halda tariflər aşağı, ikinci halda isə yuxarı olacaqdır.
- Hadisə baş verməyəndə o tarif gələn ilə keçir?
- Aqrar sığortada da, avtomobillərin icbari sığortasında olduğu kimi, Bonus-Malus sistemi nəzərdə tutulub. Yəni ilk ildən başlayaraq heç bir hadisə baş vermirsə növbəti illərdə tariflərə endirimlər tətbiq ediləcək. Əksinə, hadisə baş verərsə, yəni fermer zərərli bir fəaliyyət növü ilə məşğul olarsa və ya təsərrüfatın yerləşdiyi ərazi risklidirsə növbəti illərdə tariflər yüksəldiləcək.
- Aqrar sığorta neçə riski əhatə edəcək?
- Hazırda bu, əsas müzakirə mövzusudur. Bəzi hallarda daha geniş risklərin təminat altına alınması təklif edilir. Misal olaraq sel, quraqlıq, gəlir itkisi riski. Lakin kifayət qədər məlumat bazasının olmamasını, eyni zamanda beynəlxalq təcrübədə ölkələrin tam miqyasda sığortalanmaya mərhələli şəkildə keçməsini nəzərə alaraq, daha dar çərçivədə risklərin təminat altına alınması nəzərdə tutulur.
- Fuad müəllim, aqrar sığorta sığorta sistemi nə vaxt işə düşəcək?
- Hər kəs sistemin 2020-ci ilin yanvarın birindən fəaliyyətə başlayacağını gözləyir. Lakin hələ təşkilat formlaşmayıb. Təkcə Aqrar Sığorta Fondunun institusional formalaşdırılması 2-3 ay vaxt alacaq. Fondun yaradılması və əməliyyat mühitinin formalaşdırılması müəyyən vaxt tələb edir. Ümumilikdə isə biz ilin ilk yarısından heyvanların sığortalanması, ilin ikinci yarısından isə bitkilərin sığortalanması prosesinə başlaya bilərik.