Nazirlər Kabineti aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təsdiq edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, bu qərar “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Eləcə də bax: Azərbaycanda aqrar sığorta mexanizminin - YARADILMASINA BAŞLANILIB
Qərara əsasən, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi aşağıdakı qaydada təsdiq edilib:
- kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində;
- kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində;
- akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində.
Başqa sözlə, demək olar ki, bütün aqrar sığorta müqavilələrində sığorta haqqının yarısını dövlət ödəyəcək.
Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.