Bu gün verilən kreditlərin 95 faizdən çox hissəsi sığorta ilə təmin olunmayıb.
"Aşağı sığorta haqqı ödəməklə insanlar borc məbləğini sığortalayır"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
"Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının daha əlverişli şərtlərlə həyat sığortasına əlçatanlığını təmin edəcək", - deyə Z.Nuriyev qeyd edib.
ABA sədri əlavə edib ki, hazırda verilən kreditlərin 95 faizdən çox hissəsi sığorta ilə təmin olunmayıb: “Mərkəzi Bank maliyyə sektorunda olduqca ciddi islahatlar həyata keçirir, sektor özünün yeni inkişaf mərhələsinə yaxınlaşır. Əsas məqsəd müştərilərə kredit alan zaman həyat sığortası məhsulunu da təklif etməkdir. Bu gün verilən kreditlərin 95 faizdən çox hissəsi sığorta ilə təmin olunmayıb. Lakin 3 ay ərzində banklar sığorta şirkətləri ilə inteqrasiya həyata keçirəcəklər. Bu sığortalar kredit faizlərinin və kredit risklərinin aşağı düşməsinə səbəb olacaq”.