2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 937 milyon 237,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 28,2% çoxdur. Bu barədə Mərkəzi Bankın (AMB) məlumatında qeyd olunur.
FED.az xəbər verir ki, hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 687 milyon 374,3 min manat (artım 24,2%) və ya bazar üzrə bütün sığorta haqlarının 73,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 420 milyon 845,3 min manat (artım 33,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 266 milyon 528,99 min manat (artım 12,2%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 249 milyon 863,48 min manat (artım 40,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (389 milyon 781,2 min manat), könüllü tibbi sığorta (99 milyon 800,09 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (121 milyon 515,8 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 65,2%-ni təmin edib.
Yanvar-sentyabr aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 400 milyon 386,96 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 25,7% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 320 milyon 151,46 min manat (artım 29,7%) və ya bazar üzrə bütün ödənişlərin 80%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 220 milyon 636,7 min manat (artım 25,4%), qeyri-həyat sığortası üzrə ödənişlər 99 milyon 514,7 min manat (artım 40,5%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 80 milyon 235,49 min manat (artım 11,7%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (72 milyon 342,7 min manat), həyatın yaşam sığortası (219 milyon 342,7 min manat) və könüllü tibbi sığorta (55 milyon 541,67 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-sentyabr aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 86,8%-ni təmin edib.
Yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (402,759 milyon manat), “PAŞA Sığorta” (226,577 milyon manat), “Qala Sığorta” (47,969 milyon manat), “Atəşgah Həyat Sığorta” (48,934 milyon manat) və “Atəşgah Sığorta” (30,886 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 80,8%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar-sentyabr aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (200,038 milyon manat), “PAŞA Sığorta” (67,62 milyon manat), “Azərbaycan Sənaye Sığorta (27,458 milyon manat), “Xalq Sığorta” (18,061 milyon manat) və “Atəşgah Həyat Sığorta” (19,086 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-sentyabr aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,03% təşkil edib. (İnterfaks-Azərbaycan)