İsmayıllı rayonunun Xanagah kəndində tikintisi başa çatan və istifadəyə tam hazır olan Elektrostatik Toz Boya Zavodunun açılışı olub.
Eləcə də bax: Azərbaycanda yeni meyvə emalı zavodu yaradılır - 16 MİLYON MANATLIQ LAYİHƏ
FED.az xəbər verir ki, karantin rejimi qaydalarının tələblərinə uyğun olaraq keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov rəqabət qabiliyyətli sənaye məhsulları istehsal ediləcək yeni müəssisənin yaradılmasının bölgə həyatı üçün sevindirici hal olduğunu qeyd edib.
İcra başçısı vurğulayıb ki, ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır. Müəssisənin nümayəndəsi Qədir Dəmrəl yeni fəaliyyətə başlayacaq zavod barədə məlumat verərək bildirib ki, Türkiyə və Çin avadanlıqlarından istifadə edərək tam gücü illik 700 ton olan müəssisə bütün növ metal materialların boyamasında istifadə edilən elektrostatik toz boyaları istehsal edəcək. Bundan əlavə, Q.Dəmrəl ilkin investisiya 500 min ABŞ dolları olan müəssisəyə növbəti illərdə iki milyon dollara qədər vəsait yatırımı edilməsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, müəssisə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından ölkədaxili tələbatı ödəməklə yanaşı, məhsulunu “Made in Azerbaijan” brendi altında Qazaxıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan və ərəb ölkələrinə ixrac ediləcəyini planlaşdırıb. “Nilla” adı ilə fəaliyyət göstərən zavod yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. (Azərtac)