İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-nin Polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.
Azərbaycanda sənaye məhsullarının istehsal həcmi - 4,3% AZALIB
Agentlikdən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur.
Layihə üzrə indiyədək görülən işlərə artıq 7,8 milyon manatdan artıq sərmayə qoyulub və işlərin təqribən 70 faizi tamamlanıb. 50-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin - məhsul istehsalı həyata keçiriləcək.
İtaliyanın qabaqcıl texnologiyalarının tətbiq olunacağı müəssisədə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır.
Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.