İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Glassica” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin yanvar-may ayları ərzində məhsul istehsalını təxminən 40 faiz artırıb.
Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni bu - ŞİRKƏT ÖDƏYİR
FED.az xəbər verir ki, bu barədə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı ilə məşğul olan “Glassica” QSC-dən bildirilib.
Qeyd edilib ki, şirkət bu il ərzində təxminən 3 milyon manat dəyərində 12-13 milyon ədəd butulka istehsal edib. Şirkətin illik istehsal gücü məhsulun ölçüsündən asılı olaraq 40-50 milyon ədəd butulkadır.
“Glassica” hazırda istehsal gücünün 75-80 faizi həcmində məhsul istehsal edir. Müəssisənin hədəfi ilin sonunadək bu rəqəmi 85 faizə çatdırmaqdır.
Xatırladaq ki, “Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur. QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya butulka ixrac edilib ki, bu da ölkəmizdən Avropaya ilk butulka ixracı olub. ( Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)