Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin yeni tikinti kimyəviləri zavodunun inşası gələn ilin ikinci yarısında tamamlanacaq.
"PVC dam örtüklərinin istehsalı üçün 680 min manat investisiya yatırmağı planlaşdırırıq"
FED.az xəbər verir ki, bunu “Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ deyib.
Onun sözlərinə görə, zavodun illik istehsal gücü 110 min ton olacaq. Layihəyə 15 milyon manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur.
N.Taşbağ hesab edir ki, yeni zavod fəaliyyətə başladıqdan sonra ümumilikdə istehsallarının həcmi 2 dəfəyə yaxın artacaq. Hazırda şirkət məhsullarını Özbəkistana ixrac edir. Yeni zavodun açılmasından sonra ixrac bazarlarının genişləndirilməsi planlaşdırılır.
Layihənin reallaşdırılması Azərbaycanda tikinti kimyəviləri sektoru üçün yeni və innovativ məhsul çeşidləri istehsal etməyə və bu sahənin idxaldan asılılığının azalmasına, şirkətin ixrac potensialının artmasına imkan verəcək.
Xatırladaq ki, “Kartaş Kimya” MMC indiyədək Azərbaycan iqtisadiyyatına 10 milyon manata yaxın investisiya yatırıb. 20 ildən artıqdır ki, fəaliyyət göstərən “Kartaş Kimya” MMC beton sənayesi üçün müxtəlif təyinatlı kimyəvi beton qatqılar, su izolyasiya və termo izolyasiya materialları, kafel-keramika yapışdırıcı və dərz dolğuları, struktural beton təmiri materialları, sənaye müəssisələri üçün zəmin döşəmə materialları istehsal edir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)