Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) gələn ilin may ayından sonra fəaliyyətə başlamağı planlaşdırır.
"Agentlik rezidenti olmaq istəyən sahibkarların bir çox layihəsinə baxır"
FED.az xəbər verir ki, bunu “NN-Tel Group” MMC-nin direktoru Nərgiz Bədəlova bildirib.
Onun sözlərinə görə, müəssisə fəaliyyətə başlamaq üçün Sənaye Parkında infrastukturun hazır olmasını gözləyir. Hazırda isə şirkət tikinti layihəsi üzərində çalışır. PVC dam örtüklərinin istehsalını həyata keçirəcək “NN-Tel Group”un aylıq istehsal həcmi 14000 kvadratmetr olacaq. Dam örtükləri əvvəlcə ölkənin tələbatının ödənilməsi üçün daxili bazarda satılacaq, daha sonra isə ixrac ediləcək.
Şirkət ilkin mərhələdə istehsal fəaliyyətinə 680 000 manat investisiya yatırmağı planlaşdırır.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. (Azərbaycan İqtisadiyyatı)