Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye zonalarında ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib.
Sənayeyə verilən kreditlər bir ildə 102 milyon manat azalıb
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, bu dövrdə sənaye zonaları üzrə ixracın həcmi 17 % artıb və qeyri-neft-qaz ixracının təqribən 30 %-ni təşkil edib: "Rəqabət mühiti şirkətlərimizi məhsuldarlığını artırmağa və innovativ həllər tətbiq etməyə sövq edir ki, bu da iqtisadiyyatın modernləşməsinə töhfə verir".
E. Əliyev qeyd edib ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə bu baxımdan önəmlidir: "Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM tərəfindən sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasına dəstək göstərilir, "Sənaye 4.0" proqramı icra olunur. Bu stimullaşdırıcı mexanizmlərlə yanaşı, KOBİA tərəfindən sahibkarlıq subyektlərinə bazarlara çıxış, bilik və bacarıqların artırılması, qrant proqramları, innovativ sahibkarlığın dəstəklənməsi, klasterləşmə istiqamətlərində də dəstək göstərilir". (Report)










