Azərsun Holdinq" MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğından sonra hər hansı məhsul istehsalı və ehtiyatların yaradılması ilə bağlı problemlə üzləşməyib.
Eləcə də bax: «Azərsun»nun yanan zavodunda hər şey sığortalı olub – SIĞORTA ŞİRKƏTİNİN RƏHBƏRİ
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda iştirak edən holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.
"Doğrudur, yanğına görə müəyyən qədər itkilərimiz oldu. Lakin yanğın baş verən gün də istehsal davam edirdi, bu gün də belədir. Zavod öz işini tam gücü ilə davam etdirir”, - deyə o, qeyd edib.
S.Uzan yanğına görə sığorta ödənişi məsələsinə də aydınlıq gətirib: "Bildiyiniz kimi, bizim sığortamız var idi və biz də şirkət olaraq sığorta ödənişi üçün müraciət etmişik. Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik”. (Report)