Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ) Azərbaycan hökuməti ilə ölkədə qızıl yataqlarının kəşfiyyatı və işlənməsi haqqında müqavilənin müddətinin daha 10 il uzadılması məsələsi ilə bağlı danışıqlara başlayıb.
Eləcə də bax: Azərbaycan şirkəti 20,7 milyon manatlıq - QIZIL VƏ GÜMÜŞ SATIB
FED.az xəbər verir ki, bunu şirkətin baş direktoru Reza Vəziri deyib.
"Azərbaycanda “Gədəbəy” yatağı hasilatın pay bölgüsü haqqında mövcud saziş çərçivəsində işlənilir və müqavilənin müddəti 2022-ci ilin mart ayında başa çatacaq. Lakin bu müqaviləni daha 10 il müddətinə uzatmaq olar. Şirkət müqavilənin adi qaydada və mövcud müqavilənin şərtlərinə uyğun olaraq uzadılacağını gözləyir. “Gədəbəy” yatağının istismarı müqavilənin uzadılacağı nəzərdə tutulmaqla davam etdirilir", - deyə Vəziri şirkətin səhmdarlarına ünvanladığı məktubda qeyd edir.
Baş direktorun sözlərinə görə, hazırda AAM Azərbaycanda və onun hüdudlarından kənarda öz biznesinin inkişafına yönəlib. Bununla yanaşı, şirkət xaricdə bir sıra imkanları fəal şəkildə öyrənir və danışıqlar birgə müəssisənin yaradılması mərhələsindədir.
Vəziri bildirib ki, şirkət Azərbaycanda mövcud yataqlar və yeni kəşflər hesabına qiymətli metal istehsalını artırmaq niyyətindədir.
"Bizim səylərimiz artıq yeni kəşflərə gətirib çıxarıb. Bununla yanaşı, Azərbaycan hökuməti ilə danışıqlar aparmışıq və yəqin ki, hökumət bizə yeni kəşfiyyat sahələrinin verilməsi məsələsinə müsbət yanaşır. Biz, həmçinin yeni sahələrin mövcud sazişə daxil edilməsi yollarını müəyyən etmək üçün hüquqi işlərə də başlamışıq. Bu müzakirələr 2020-ci ilin birinci yarısında COVİD-19 pandemiyası səbəbindən ləngisə də, genişmiqyaslı xarakter daşıyıb və Azərbaycan hökuməti ilə münasibətlərimiz möhkəm olaraq qalır. Biz Azərbaycanın zəngin təbii sərvətlərinin işlənilməsindən əldə olunan faydanı hər iki tərəf üçün maksimum dərəcədə artırmaq üçün birgə çalışırıq", - deyə Vəziri qeyd edib.
Baş direktorun sözlərinə görə, AMM-ın ölkədə 6 qızıl yatağının işlənməsi haqqında müqavilədəki payının Azərbaycan tərəfindən alınması ilə bağlı mümkün sövdələşmədə heç bir irəliləyiş yoxdur.
"Biz 2019-cu ilin avqustunda ictimaiyyətə bildirdik ki, Azərbaycan hökuməti “Anglo Asian Mining” ilə mümkün sövdələşməyə dair məsləhətçilər təyin edib. Lakin bunun ardınca bizdən yeni açıqlamalar tələb edən heç bir mühüm hadisə baş vermədi. Şirkət hesab edir ki, Azərbaycan hökuməti AAM və ya onun ölkədəki aktivlərini milliləşdirmək, almaq və ya başqa şəkildə nəzarət etmək niyyətində deyil", - deyə Vəziri bildirib.
Onun sözlərinə görə, şirkət, həmçinin 2020-ci ildə Azərbaycanda qiymətli metal hasilatı üzrə planlarını 75-80 min unsiya qızıl ekvivalenti səviyyəsində saxlayıb.
"Bu gün şirkət öz işinə və ya məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan dəymədən COVİD-19 pandemiyasına tab gətirə bilib. 2020-ci il üçün proqnozlarımız (hasilat üzrə - İF) qızıl ekvivalentində 75000 unsiyadan 80 000 unsiyaya qədər təşkil edir. Bu il metalın bahalaşması ilə əlaqədar çox gözəl maliyyə nəticələri əldə edəcəyimizi gözləyirik. Son bir neçə il ərzində şirkət əhəmiyyətli dərəcədə böyüyüb və əminəm ki, bu, gələcəkdə də davam edəcək", - o əlavə edib.
Xəbər verildiyi kimi, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb. (İnterfaks)