İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC Rusiyaya şpris ixrac etməyi planlaşdırır.
Pirallahıda şpris istehsal edən zavodun vəziyyəti açıqlandı - HESABAT
FED.az xəbər verir ki, bunu Azərbaycanın yeganə şpris istehsalçısı olan "Diamed Co" MMC-nin direktoru Samirə Hüseynova deyib.
Rusiyaya 2, 5, 10 və 20 ml-lik şprislər ixrac edəcəklərini açıqlayan S.Hüseynova əlavə edib ki, artıq müəssisədə yeni növ insulin şprislərinin istehsalına başlanılıb. Bu ilin noyabrından isə vakuumlu qan tüplərinin bütün növləri istehsal ediləcək. Yeni istehsal xətti üçün qəliblər İsveçrədən, komplektləşdirmə avadanlıqları isə Cənubi Koreyadan alınıb.
Bundan əlavə, daxili bazarda üç hissəli şprislərə tələbatın olduğunu nəzərə alaraq və ölkəmizin şpris idxalından tam azad olması məqsədi ilə zavod bu ilin dekabr ayından 3 hissəli şprislərin də istehsal xəttini işə salacaq. Üç hissəli şprislərin istehsalı daha müasir sayılan iki hissəli şprislərin istehsalı ilə paralel aparılacaq.
"Diamed Co" hazırda 40-dan çox məhsul - müxtəlif növ şprislər, o cümlədən insulin şprisləri, infuziya və transfuziya dəstləri, müxtəlif ölçüdə kəpənəklər və vazofikslər istehsal edir. Zavodun yaxın müddət üçün planına nümunə qabları, pipet ucluqları və s. kimi laborator materialların da istehsalı daxildir. Hazırda Azərbaycanda bu məhsulların heç biri istehsal edilmir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)