“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) arasında təsdiq olunmuş Fəaliyyət planına uyğun olaraq Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təşkil edilən növbəti “Təqaüd proqramı” layihəsinin qalibləri müəyyənləşib.
FED.az xəbər verir ki, QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və müsabiqə qalibləri iştirak ediblər.
Mükafatlandırma mərasimində “Təqaüd proqramı” layihəsi haqqında ətraflı məlumat verilib, layihənin dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzinə qəbul olunan, 2022-2023-cü tədris ili üzrə “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Torna və frezer dəzgahların operatoru”, “Kimyəvi analiz laborantı”, “Çilingər-santexnik”, “Elektrik qaz qaynaqçısı”, “Dağ mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərən 9 nəfər tələbə “AzerGold” təqaüdünün qalibi olub.
İdarə Heyəti sədrinin müavini qaliblərə təltifnamə və xatirə hədiyyələri təqdim edib, tələbələri “AzerGold” təqaüdü qazanmaları münasibətilə təbrik edib, onlara təhsil və gələcək karyera həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, peşə təhsili üzrə artıq 2-ci ildir ki, təşkil edilən “Təqaüd proqramı” layihəsində qalib gələn tələbələrin sosial müdafiəsinə dəstək məqsədilə 9 ay müddətinə hər ay 200 AZN olmaqla, ümumilikdə 1800 AZN məbləğində təqaüd ayrılıb. Həmçinin layihədə iştirak edən tələbələr “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanı əldə ediblər.
Xatırladaq ki, “AzerGold” QSC və PTDA arasında 19 may 2020-ci il tarixində bağlanmış Anlaşma Memorandumu və təsdiq edilmiş Fəaliyyət planına uğun olaraq ilk dəfə ötən il elan edilən “Təqaüd proqramı” layihəsini müvəffəqiyyətlə başa vurmuş 17 nəfər tələbədən 4 nəfəri artıq “AzerGold” QSC-də işlə təmin edilib.