2025-ci ilin yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində ümumilikdə 143,8 milyon manatlıq məhsul istehsal olunub. Bu sahələr üzrə istehsal göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə müxtəlif istiqamətlərdə dəyişib.
Azərbaycanda ən yüksək əmək haqqını bu sahələrdə çalışanlar alır - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 23,7 faiz artım müşahidə olunub. Bu sektorda əsas məhsullardan olan ayaqqabı istehsalı 50,8 faiz artaraq 146,1 min cütə çatıb. Eyni zamanda emal edilmiş dəri istehsalı isə 8,8 dəfə artaraq 7 min kvadratmetr təşkil edib. Bu sahədə 01.04.2025 tarixinə olan hazır məhsul ehtiyatı isə 140 min kvadratmetr olub.
Toxuculuq sənayesində də müsbət dinamika qeydə alınıb – bu sahədə istehsal həcmi 15,6 faiz artıb. Əsas məhsullardan pambıq mahlıcı istehsalı 37,5 faiz artımla 35274,8 tona çatıb, hazır ehtiyat 41843,9 ton olub. Pambıq ipliyi istehsalı isə 3556,8 ton təşkil etsə də, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalıb. Bununla belə, pambıq parçaların istehsalında 7,6 faiz artım müşahidə edilib və bu məhsuldan 7699,1 min kvadratmetr istehsal olunub. Xalça istehsalı isə 12,5 faiz azalaraq 0,7 min kvadratmetrə düşüb.
Geyim sənayesi isə geriləmə ilə yadda qalıb – bu sahədə istehsal həcmi 45,3 faiz azalıb. Azalmaya baxmayaraq alt geyim istehsalında kəskin artım müşahidə olunub – bu məhsulun istehsalı 4,2 dəfə artaraq 352,3 min ədəd olub. Əvəzində üst geyim istehsalı 43% artaraq 194,9 min ədədə çatıb. İstehsalat və peşə komplektləri istehsalında 49,8%, corab məmulatlarının istehsalında 44,7%, sair geyimlərin istehsalında isə 15,87% azalma qeydə alınıb.