2025-ci ilin ilk iki ayı üzrə açıqlanan statistik göstəricilər Azərbaycanda əmək bazarının maraqlı mənzərəsini ortaya qoyur. Ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 043,6 manat təşkil edib. Bu rəqəm müxtəlif iqtisadi fəaliyyət növləri və mülkiyyət formaları üzrə ciddi fərqlərlə müşahidə olunur.
İşçilərin maaşları 100 manata yaxın artıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı baxımından ən yüksək göstərici mədənçıxarma sənayesinə aiddir. Burada çalışanların orta aylıq maaşı 3 444,2 manat olub. Bu sahə ənənəvi olaraq ölkənin enerji sektorunu, xüsusilə neft və qaz hasilatını əhatə etdiyi üçün əməkhaqqı baxımından liderlik edir. Mədən sektorunu maliyyə və sığorta fəaliyyəti izləyir. Bu sahədə çalışanlar orta hesabla 2 651,4 manat maaş alıblar. İnformasiya və rabitə sahəsində çalışanların əmək haqqısı isə 1 897,4 manatla üçüncü yeri tutur. Bu göstəricilərdən də göründüyü kimi, yüksək ixtisas və peşəkar bilik tələb edən sahələr əməkhaqqı baxımından açıq-aşkar üstünlük təşkil edir.
Ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sahədə orta maaş cəmi 642,2 manat təşkil edib. Həmçinin inzibati və yardımçı xidmətlərin göstərilməsində də əməkhaqqı 664,7 manatla kifayət qədər aşağıdır. Üçüncü ən aşağı maaşı olan sahə su təchizatı, tullanıların təmizlənməsi və emalı sahəsidirki bu sahədə çalışanların maaşı 713,7 manat təşkil edir. Bu nəticələr göstərir ki, fiziki əməyə əsaslanan və məhsuldarlığı aşağı olan sahələrdə maaş səviyyəsi də minimal həddədir.
Maraqlı məqamlardan biri də dövlət və qeyri-dövlət sektorları arasındakı fərqlə bağlıdır. Ümumi olaraq, dövlət sektorunda orta maaş 1 004,3 manat, qeyri-dövlət sektorunda isə 1 084,2 manat olub. Bu fərq bəzi sahələrdə daha kəskin şəkildə hiss olunur.
Mədənçıxarma sənayesi bu fərqin ən çox hiss olunduğu sahədir. Qeyri-dövlət sektorunda çalışanların orta əməkhaqqı 4 048 manat olub, bu isə dövlət sektorunda eyni sahə üzrə 2 290 manat maaş alan işçilərdən 1 757 manat, yəni təxminən 77% daha yüksəkdir.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində isə dövlət sektoru qeyri-dövlət sektoruna nisbətən daha yüksək əməkhaqqı təklif edir. Dövlət sektorunda çalışanların orta maaşı 1 653 manatdır, qeyri-dövlət sektorunda isə bu rəqəm yalnız 749 manatdır. Bu fərq 903 manat və təxminən 120% daha yüksək maaşla nəticələnir.
İnformasiya və rabitə sahəsində isə qeyri-dövlət sektoru əməkhaqqı baxımından üstünlük təşkil edir. Burada qeyri-dövlət sektorunda çalışan işçilər 2 144 manat maaş alarkən, dövlət sektorunda bu rəqəm yalnız 1 567 manatdır. Bu da 576 manat və 36,8% daha yüksək əməkhaqqı fərqi yaradır.
Daha detallı: