“Norm” ASC 2022-ci ilin audit olunmuş maliyyə nəticələrini açıqlayıb.
Norm Ustalar Klubunda ustaların həyat yoldaşları üçün “Bir inciyik” layihəsi - HƏYATA KEÇİRİLİR
FED.az xəbər verir ki, hesabatdan məlum olub ki, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, şirkətin satış gəliri 19% artaraq 203,6 milyon AZN təşkil edib, ümumi gəliri isə 27% artıb.
Həmçinin əməliyyat mənfəəti 34%, vergidən əvvəlki mənfəəti isə 40% artaraq, müvafiq olaraq 55,4 milyon AZN və 51 milyon AZN-ə çatıb. “Ötən il “Norm” ASC olaraq nəinki satış həcmlərimizi artırmışıq, həmçinin Azərbaycanın sement sənayesində aparıcı müəssisə kimi əməliyyatlarda dayanaqlı inkişafa nail olmuşuq. Müxtəlif optimizasiyalar aparmaqla və istehsal əməliyyatlarının effektivliyini təmin etməklə, zavodun illik istehsal gücünü 100 min ton artırıb, illik 2,1 milyon ton sement istehsalına çatdırmışıq”, deyə şirkətin Baş İcraçı Direktoru Henning Sasse qeyd edib.
Ötən il ərzində şirkətin mənfəətlilik göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb.
“2022-ci ildə yüksək qlobal inflyasiya şəraitinə baxmayaraq, xərcləri səmərəli idarə etməklə, mənfəətlilik göstəricilərimizi yaxşılaşdırmışıq. Nəticədə, dövlət büdcəsinə 15 milyon AZN mənfəət vergisi və digər vergilər ödəmişik ki, bu rəqəm Norm üçün rekord göstərici hesab oluna bilər”- şirkətin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib.
“Norm” ASC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu - NEQSOL Holding-in tərkibinə daxildir.