Norm Sement Ustalar Klubu layihəsi çərçivəsində klub üzvlərinə texniki təlimlər təşkil etməklə yanaşı, usta ailələrində olan qadınların şəxsi inkişafı və maarifləndirilməsinə də təşəbbüs göstərir.
FED.az xəbər verir ki, Korporativ Sosial Məsuliyyətə əhəmiyyət nümayiş etdirən şirkət öyrənmə və şəxsi inkişaf üçün məhdud imkanlara sahib olan qadınların həyatında müsbət dəyişikliklər etməyə və onların inkişafına töhfə verməyə çalışır. Bu məqsədilə klubda usta xanımlarının iştirakı ilə “Bir inciyik” şüarı altında silsilə vebinarlar təşkil edilir. Müxtəlif mövzuları əhatə edən vebinarlar “ZOOM” platforması vasitəsilə keçirilir. Hər vebinara öyrənmək və özünü inkişaf etdirmək istəyən 100-ə yaxın qadın qoşulur.
Vebinarlarda könüllülərdən ibarət ekspertlər diqqətlə seçilmiş mövzular ətrafında qadınlarla maarifləndirici söhbətlər aparırlar. Vebinarların strukturu informativ təqdimatlar, interaktiv təlim və sual-cavab sessiyalarını əhatə edir. İştirakçılar bu vebinarlar vasitəsilə yeni bacarıqlar əldə edir, effektiv vaxt idarəetməsini öyrənir və şəxsi inkişafa nail olurlar.
İndiyədək “Bir inciyik” layihəsinin psixoloji sağlamlıq, qadın sağlamlığı, ana-övlad münasibətləri, məqsədlərin müəyyən edilməsi kimi mövzularda 10-dan çox görüşü təşkil olunub.
"Bir inciyik" gələcəkdə də maarifləndirmə və şəxsi inkişaf üçün platforma rolunu oynamağa davam edəcək.