Azərbaycanda fəaliyyətlərində nöqsanlar aşkarlanmış aqroparkların statusları ləğv olunacaq.
Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələri - YARADILA BİLƏR
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Zamir Dibirov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən aqroparkların müəyyən qiymətləndirilməsi aparılır: "Onların biznes-planlarına uyğun fəaliyyət göstərməsi, torpaq sahələrinin düzgün istifadə etməsi qiymətləndirilir”.
İdarə Heyəti sədrinin müavini qeyd edib ki, qiymətləndirmə aqroparkların reyestrinin yaradılması ilə bağlıdır: “İndiyədək yaradılmış aqroparklar müraciətlər əsasında təşkil olunub. Lakin artıq aqroparkların hüquqi çərçivəsi müəyyənləşib, əsasnamə qəbul olunub. Hazırda reyestrinin yaradılması istiqamətində işlər aparılır".
Z. Dibirov vurğulayıb ki, aqroparklar reyestrə salınandan sonra onlara qeydiyyat şəhadətnaməsi veriləcək: “Biz bu çərçivədə əməkdaşlıq edəcəyik. Onların qarşılaşdığı həm institusional, həm də fərdi problemlərini həll etməyə çalışacağıq. Burda həm istehsal, həm də satış prosesi ilə bağlı məsələlər ola bilər. Ümumiyyətlə, maliyyə resuslarına çıxış imkanlarının daha da asanlaşdırılmasına dəstək kimi məsələlərdə yer ala bilər” .
Xatırladaq ki, hazırda 32 rayon üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb ki, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
İndiyə qədər aqroparklara 1,4 milyard manat özəl investisiya yatırılıb. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. (Report)