Bakıda Ələt Azad İqtisadi Zonası (AİZ) ilə İsrailin "BioPharmax" şirkəti arasında birinci müqavilənin imzalanması mərasimi keçirilib.
FED.az xəbər verir ki, sənədi Ələt AİZ-in İdarə heyətinin sədri Valeh Ələsgərov və "BioPharmax"ın baş direktoru Zarel Şen Tov imzalayıb.
Müqavilə "BioPharmax"ın Azərbaycandakı nümayəndəliyi, "BioPharmax AFEZCO"nun tikintisini nəzərdə tutur.
V.Ələsgərov qeyd edib ki, İsrail şirkəti üçün üç hektar ərazi ayrılacaq.
"Şirkət tibb məhsullarının istehsalında müasir avadanlıqdan istifadə etmək niyyətindədir. Məhsullar isə ilk növbədə ixraca yönəldiləcək", - deyə o bildirib.
O qeyd edib ki, güzəşt və təşviqlə yanaşı sahibkar və investorlar üçün xüsusi hüquqi baza və müvafiq infrastuktur yaradılıb.
"Əminəm ki, bütün bu üstünlüklər diqqətə alınaraq, şirkət 50 adda tibbi məhsul istehsal edəcək. Həmçinin, bugünkü hadisə digər israilli şirkətlərin Ələt Azad İqtisadi Zonasına cəlb olunması üçün stimul ola bilər", - V.Ələsgərov deyib. (Trend)