Yaxın aylarda Azərbaycanın biznes tarixində iş adamları və ölkəyə yatırım etmək istəyən investorların uzun müddətdən bəri gözlədiyi mühüm yenilik baş verəcək. Bakının mərkəzindən 25 kilometr məsafədə Qaradağ rayonunun Ələt qəsəbəsində, Xəzər dənizinin sahilində ölkənin ilk Azad İqtisadi Zonası fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, iyulun 15-də prezident İlham Əliyev «Ələt azad iqtisadi zonası haqqında» qanunda dəyişiklikləri təsdiqləyib.
Xatırladaq ki, «Ələt azad iqtisadi zonası haqqında» qanun 2018-ci ildə Milli Məclis tərəfindən qəbul edilərək prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Qanun Ələtdə yaradılacaq azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.
Yeni qanuna əsasən, azad iqtisadi zonada biznes üçün Azərbaycanın digər əraziləindən fərqli şərait yaradılacaq. Burada heç bir vergi və gömrük rüsumları olmayacaq, lisenziyalaşma, bütün xidmətlər və biznesə nəzarət daxili qaydalarla tənzimlənəcək.
Qanuna görə, azad iqtisadi zonanı bunun üçün yaradılan xüsusi qurum - Azad Zona səlahiyyətli qurumu (AZSQ) idarə edəcək. Artıq 2022-ci ilin yayında, yəni bir neçə həftəyə AİZ-ın ilk rezidentləri fəaliyyətə başlamalıdır.
FED.az prezidentin təsdiqlədiyi son dəyişiklikləri də nəzərə almaqla Ələt Azad İqtisadi Zonasının hansı prinsiplərlə işləyəcəyini açıqlayır.
Bir az tarix – uğurlu azad iqtisadi zonalar
Azərbayan hökuməti Ələt Azad İqtisadi Zonası yaradılarkən müxtəlif ölkələrin təcrübələrindən istifadə edir. Bunlardan biri, dünyada ən uğurlu layihə İrlandiyadakı Şenon Azad İqtisadi Zonasıdır. Bu zona 1958-ci ildə kasıb, maliyyə və maddi imkanları məhdud olan ölkədə yaradılıb. Zonanın faydası özünü cəmi bir neçə ildən sonra göstərdi. Artıq 1960-cı illərin 2-ci yarısında Şenon AİZ-in ixracı bütün İrlandiyanın ixracatının 3-ə biri qədər idi. 2019-cu ildən etibarən isə Şenon artıq Azad İqtisadi Zona deyil. Amma burada bir neçə yüz hektar sahədə yerləşən müəssisələrin 4 milyard avrodan artıq ixracatı var.
Azad İqtisadi Zonanın yaradılması bütün İrlandiya iqtisadiyyatını inkişaf etdirib. Nəticədə əgər 60-cı illərin ikinci yarısında Şenonun ixracı İrlandiyanın ixracının 3-də 1-i qədər idisə, indi cəmi 3%-dir. Bunun səbəbi odur ki, Şenondakı təcrübə və bilikdən istifadə edərək, buradakı texnologiyalar və bilik digər ərazilərə də transfer edildi və əsas iqtisadiyyatın inkişafına nail olundu.
Azad İqtisadi Zonanın rəhbərliyi təyin edildi
2020-ci ilin mayın 22-də Prezident İlham Əliyev «Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında» Fərman imzalayıb. Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. İndiyədək bu qurumla bağlı işçi qrupuna rəhbərlik etmiş Valeh Ələsgərov isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun (AZSQ) İdarə Heyətinin sədri təyin edilib.
Səlahiyyətli Qurum (AZSQ) yaradıldıqdan dərhal sonra fəaliyyətə, o cümlədən investorlarla görüşlərə başlayıb. AZSQ-nin rəhbərliyi iddia edir ki, Ələt Azad İqtisadi Zonası regionda ən yaxşı şərait və şərtlər əsasında işləyəcək və idarə olunacaq: «İşləmək istəyən hər bir sahibkara vaxt ayırmağa, daha geniş məlumatlar verməyə hazırıq»
Azad Zonada hansı qanun işləyəcək?
«Ələt azad iqtisadi zonası haqqında» qanunla ölkə ərazisi vergi-gömrük və mübahisələrin həlli rejiminə görə iki yerə ayrılıb – Azad Əqtisadi Zona və bu zonaya daxilolmayan ərazi - əsas iqtisadiyyat.
Azad İqtisadi Zonada Azərbaycanın əsas iqtisadiyyatının qanunvericiliyi deyil, Azad Zona qanunvericiliyi tətbiq edilir. Başqa sözlə, bu ərazidə Azərbaycanın ənənəvi qanunvericiliyindən yalnız cinayət qanunvericiliyi və cinayət yolu ilə əldə edilmiş pullarla mübarizə haqqında qanunvericilik tətbiq ediləcək.
Qanuna görə, ərazi bütünlüklə Azad Zona səlahiyyətli qurumu tərəfindən idarə ediləcək. Bunun üçün adı çəkilən qurum zonada daxili qaydalar tətbiq edəcək və zona bütünlüklə bu qaydalara əsasən idarə olunacaq. Qanuna görə, həmin qaydalar beynəlxalq təcrübəyə və standartlara uyğun hazırlanmalıdır. Zonada fəaliyət göstərən bütün şəxslərin bu qaydalara əməl etməsi məcburi olacaq.
Azad İqtisadi Zonada hansı şirkətlər işləyə bilərlər?
İlkin planlara əsasən, Azad İqtisadi Zona ilk növbədə (1) yüksək əlavə dəyərli, (2) ixrac yönümlü, (3) beynəlxaq standartlara cavab verən məhsul istehsal edən şirkətlər üçündür.
Mütləq şərtlərdən biri – investorın AİZ-ə yeni texnologiyalarla, yüksək keyfiyyətli məhsul istehsal etmək şərti ilə gəlməsidir. Planlara görə, AİZ-də istehsal olunan məhsulun azı 75%-i ixrac edilməlidir.
Qanunda yenilik – şərtlərdə dəyişikliklər var
Bir qədər əvvəl «Ələt azad iqtisadi zonası haqqında» qanuna dəyişikliklər edilib. Yeniliklər bəzi məsələlərə, o cümlədən vergi, gömrük rejiminə, mübahisələrin həllinə, investorlarla münasibətlərə aiddir. Eləcə də, zonanın fəaliyyəti üçün bəzi mühüm anlayışlar dəqiqləşdirilib.
Azad Zonada vergi tənzimlənməsi
Qanuna son dəyişikliklərdən sonra vergitutma məsələləri ilə bağlı yeniliklər var. Əvvəlki qaydaya əsasən Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad idi. İndi isə burada fəaliyyət göstərən hüquqi şəxslər yalnız Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda bütün vergilərdən azaddırlar.
Bundan başqa, əsas iqtisadiyyatdan (yəni ölkənin digər hissəsindən) Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur. Yəni bu əməliyyatlardan vergi tutulacaq.
Əvəzində əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilər tutulmayacaq.
Qanun layihəsində əks olunan yeniliklərdən biri də odur ki, azad zona işçilərinin gəlirindən vergitutma Vergi Məcəlləsi ilə deyil, daxili qaydalarla müəyyən ediləcək.
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, iqtisadi zonada istehsal edilən məhsulların təxminən 75 faizi ixrac, 25 faizi isə daxili istehlak üçün nəzərdə tutulub. Zonada fəaliyyət göstərən əcnəbi sabibkarlar bölgədən kənardakı yerli sahibkarlardan vergi tətbiq olunmadan mal və xidmət alacaqlar. Bu da yerli məhsulların satışını intensivləşdirəcək.
Vergi güzəştləri nə üçün lazımdır?
Zonanın fəaliyyəti və burada istehsal olunan məhsulların xaricə ixracı baxımından vergi güzəştləri çox önəmlidir. Çünki hesablamalar və potensial investorlarla aparılan danışıqlar göstərir ki, vergi güzəştlərinin tətbiqi, ölkədə istehsal edilən məhsulun maya dəyərini məhsuldan asılı olaraq 38-40%, bəzi hallarda daha da aşağı salacaq.
Azad Zonada gömrük işi
Qaydalara əsasən, AİZ-də çalışan şirkətlər buraya gətirilən və ya buradan ixrac edilən mallara görə, gömrük rüsumlarından azaddırlar. Amma dəyişikliklərə görə, əsas iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına bərabər tutulacaq. Yəni idxal-ixrac zamanı tətbiq edilən rüsumlar AİZ-lə əsas iqtisadiyyat arasında da tətbiq ediləcək. Bir şərtlə ki, əməliyyat aparan tərəf əsas iqtisadiyyatın təmsilçisi olsun.
Azad Zonada investorların hüquqlarının qorunması
Qanuna dəyişiklik AİZ-də investorların hüquqları ilə bağlı qaydalara da təsir edib. Əvvəlki qaydalara əsasən Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. Dəyişikliklərə görə isə, Azad Zonanın səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulmuş hallarda özəl mülkiyyətə aid məhdudiyyət tətbiq edilə bilər.
Bundan başqa indiyədək olan qaydalara əsasən, investorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. Yeni qaydalara görə isə rezidentlərlə bağlı bu hüquqlar yalnız Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi qaydalarda nəzərdə tutulduğu hallarda mümkün olacaq.
İndiyədək, investorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardı. Yeni qaydalara görə isə rezidentlərlə bağlı bu hüquqlar yalnız Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi qaydalarda nəzərdə tutulduğu hallarda mümkün olacaq.
Azad Zonada mübahisələrin həlli
Azərbaycanda bütün biznes qurumlarının və iş adamlarının arzuladığı hüquqi «cənnət» və yeniliklər «bombası» məhz bu hissədədir. Qanuna görə, Azad Zona səlahiyyətli qurumu buradakı mübahisələrin həlli üçün aşağıdakılardan bir və ya bir neçəsinin yaradılmasını təmin edir:
1. Arbitraj mərkəzi;
2. mübahisələrin digər həlli qurumu.
Qanuna görə, tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, bu ərazidəi bütün mübahisələrə üstünlük hüququ yerli mübahisələrin həlli qurumlarında olacaq.
Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, Azərbaycanın məhkəmələri burada göstərilən mübahsələri araşdırmaq hüququna malik deyillər.
Mübahisələrin həlli qurumları tərəfindən qəbul edilən qərarlar Azad Zonada və əsas iqtisadiyyatda hər hansı bir tanınma və ya təsdiqləmə olmadan icra edilir. Bu ərazidə Azərbaycan məhkəmələrinin yalnız o qərarları icra edilir ki, onlar Azad zonanın mübahisələrin həlli qurumlarının səlaiyyətlərinə aid olmasın.
Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi ingilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.
Zonalarla bağlı uğursuz təcrübələr də var...
Dünyada Azad İqtisadi Zonalarla bağlı dünyada uğursuz təcrübələr də var. Onlarla ölkə sözügedən İrlandiyadakı Şenon AİZ və ya Sinqapurun təcrübəini tətbiq etmək istəsə də , bəzilərində bu uğursuzluqla nəticələnib. Məsələn, Hindistan 1965-ci ildə ilk Azad İqtisadi Zonanın yaradılmasını elan etdi.
Çin isə həmin prosesə 1980-ci illərdə, yəni 15 il gec başladı. İndiyədək Çindəki Azad İqtisadi Zonalar bütün iqtisadiyyatın inkişfına səbəb olub. Hazırda dünyada tanınan şirkətlərin 500-dən 60-ı Çin şirkətidir.
Amma eyni prosesə 15 il əvvəl başlayan Hindistanın nəticələri bunlardan bir neçə dəfə aşağıdır. Səbəbi odur ki, Hindistan hökuməti ideya olaraq Azad Zona elan etsələr də, bir sıra məqamlar - normativ hüquqi baza, infrastruktur, müstəqil səlahiyyətli qurum və sair - həyata keçmədi. Dövlət hər şeyi nəzarətdə saxlamaq, üstəlik infrastruktur problemlərinin həllini də investorun boynuna qoymaq istədi, çünki hesab etdi ki, investorları vergidən və gömrükdən azad etmək onların buraya axışması üçün kifayət edəcək. Amma bu baş vermədi...
Azad İqtisadi Zonanın sahəsi 10 dəfə böyüyəcək
İlkin olaraq Azad İqtisadi Zona üçün 850 hektar ayrılıb və ərazinin baş planı hazırlanıb. Amma bu ərazilər mərhələlərlə tikiləcək. 1-ci mərhələdə qabaqlayıcı inkişaf ərazisi olaraq 60 hektar sahənin detallı layihələndirilməsi bitirilib, inşaat və torpaq işləri gedir. Burada yollar, su, qaz xərğləri çəkilir.
Zonada gömrük məntəqəsi və digər qurumların ofisləri də tikilir. Paralel olaraq sahəsi 10 min kvadratmetr olan birinci ofis sahəsi tikilir. Zonanı idarə edəcək Səlahiyyətli Qurumun əməkdaşları burada yerləşəcək. Bu ofisdə səlahiyyətli qurumun funksiyaların həyata keçirən müvafiq inzibati qurumların, o cümlədən «Bir pəncərə» sistemində işləyən biznes mərkəzi, növbədə çalışan gömrük əməkdaşları da yerləşəcək. Ofisin 50%-i isə gələcəkdə azad iqtisadi zonada çalışacaq investorların müvafiq işçilərin yerləşdirilməsi üçün nəzərdə tutulub. İnvestorlar burada müəssisələrin tikintisinə başladıqca, ikinci mərhələdə növbəti 84 hektar tikiləcək.
Bundan başqa, prezidentin göstərişi ilə AİZ-in gələcək inişafı üçün indiki 850 hektardan başqa 7 min hektardan artıq ərazi də artıq indidən müəyyən edilib ki, bu gələcək inkişaf üçün nəzərdə tutulur.