Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonun ərazisindəki «Söyüdlü» və «Zod» yataqlarında işləmək barədə planlarını dəyişib.
Britaniya şirkəti Azərbaycanda qızıl zavoduna 2,5 milyon dollar - XƏRCLƏYƏCƏK
FED.az-ın əldə etdiyi məlumata görə, "Anglo-Asian Mining" iki səbəblə bağlı yatağın istismarından imtina edib. Nazirlər Kabineti göstərilən səbəbləri nəzərə alaraq bu il iyunun 21-də tərəflər arasında bağlanmış sazişə dəyişiklik edib: «Əsas problemlərdən biri infrastrukturun çətinliyi ilə bağlıdır. Zod yatağının yerləşdiyi ərazi qızıl hasilatını və onun daşınması çətinləşdirir».
Digər əsas məsələ isə yatağın Ermənistanla sərhəddə yerləşməsidir: «Ermənistanla sülh müqaviləsi bağlansa belə, bu ərazidən qızıl hasilatı ilə bağlı problem yarana bilər. Həmin ərazi sərhəd nöqtəsidir və qızıl çıxarılması üçün daim ərazidə partlayışlar olacaq. Bu isə sərhəd nöqtəsində çaşqınlıq yarada bilər».
Qeyd edilib ki, «Anglo-Asian Mining» şirkəti razılaşmaya əsasən «Söyüdlü» yatağının əvəzinə «Qaradağ», «Xarxar» və «Dəmirli» müqavilə sahələrini əldə edib. Xatırladaq ki, Söyüdlü-Zod qızıl yatağı Kəlbəcər rayonun Ermənistanla sərhədində yerləşir. Yatağın ərazisinin 76%-i Azərbaycana, 24%-i isə Ermənistana aiddir.
Yeni müqavilə sahələri- "Qaradağ", "Xarxar" Gədəbəy rayonu ərazisində, "Dəmirli" yatağı isə hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi keçmiş Ağdərə rayonu ərazisində yerləşir.