İslam İnkişaf Bankı (İİB) Azərbaycanda halal sənayenin inkişafı ilə bağlı plan hazırlayacaq, 2023-cü ildə bu mövzuda xüsusi seminar keçirəcək.
"Azərbaycanda İslam maliyyə mexanizmlərinə tələbatın texniki-iqtisadi təhlili aparılmalıdır"
FED.az İİB-ə istinadən xəbər verir ki, bank Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edərək ölkənin özəl sektorunun sürətlə böyüyən halal məhsul və xidmət bazarında iştirakını asanlaşdırmaq üçün halal sənayenin inkişafına kömək edir.
“2023-cü ildə bu mövzuda məsləhətləşmə seminarının keçirilməsi planlaşdırılır və İİB-in Kuala-Lumpurdakı Qabaqcıl Təcrübə Mərkəzi seminarın yekunları üzrə Azərbaycan üçün halal sənayenin inkişaf planını hazırlayacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Samir Şərifovla danışıqlar aparıb.
“Müzakirələr zamanı Əl-Casir İİB-in Qarabağın və ya ölkənin istənilən digər bölgəsinin bərpası və yenidənqurulması istiqamətində hökumətin səylərini dəstəkləməkdə çox maraqlı olduğunu bir daha diqqətə çatdırıb. İİB-in bərpa prosesinə kömək etmək istədiyini deyən Əl-Casir bankın maliyyələşdirə biləcəyi layihələrə baxılması üçün hər bir tərəfdən əlaqələndiricilərin təyin edilməsinin vacibliyini qeyd edib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, bank dəmir yolu daşımalarının və bərpa olunan mənbələr üzrə layihələrin inkişafı ilə bağlı regional təşəbbüsləri təşviq etməklə Azərbaycana dəstəyi davam etdirməyə hazırdır”, - deyə məlumatda bildirilir.
Bank, həmçinin Azərbaycanda aqrar, infrastruktur, rəqəmsal inkişaf və özəl sektora dəstək sahələrində layihələri maliyyələşdirməkdə maraqlıdır.
Bugünədək İİB Azərbaycanda 18 layihənin həyata keçirilməsi üçün $1 milyarda yaxın vəsait ayırıb. (İnterfaks-Azərbaycan)